Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Ordubad rayonunda Tivi kəndinin özünəməxsus yeri var. Rayon mərkəzindən 60 kilometr uzaqlıqda yerləşən Tivi kəndi Sabirkənd-Nürgüt qolundakı ucqar dağ kəndləri arasında ən iri yaşayış məntəqəsidir. Zəngəzur silsiləsinin ətəklərinə sığınmış bu kənd vaxtı ilə gözdən-könüldən uzaq yurd yerlərimizdən idi. Bu kəndi rayon mərkəzi ilə bağlayan avtomobil yolu uzun illər ərzində bərbad vəziyyətdə olub. Yaşayış məntəqəsində normal təhsildən, səhiyyə, mədəniyyət və məişət xidmətindən isə söz açmağa dəyməzdi. Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərinin əvvəllərində elə bu imkansızlığa görə əhalinin əksəriyyəti az qala Tividən köç edib getmək qərarına gəlmişdi. O illərdə elektrik enerjisi, yanacaq materialları ilə imtahana çəkilən kənd əhalisində sabaha inam hissi demək olar ki, qalmamışdı...
Son 23 il ərzində isə muxtar respublikamızın hər yerində olduğu kimi Tividə də əhalinin güzəranının, həyat səviyyəsinin yüksəlməsi, rifah halının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Bir neçə il bundan qabaq Tividə müasir məktəb binası, kənd mərkəzi, həkim amblatoriyası və xidmət mərkəzi istifadəyə verilib. 3 mərtəbəli olan kənd mərkəzində icra nümayəndəliyi, bələdiyyə, rabitə, poçt və mədəni xidmətlər üçün şərait yaradılıb. 2 mərtəbəli məktəb binasında isə təhsilin müasir tələblər səviyyəsində həyata keçirilməsi üçün lazım olan bütün şərait təmin edilib.
Tividə xalqımıza məxsus olan milli adət-ənənələrin əksəriyyəti hələ də yaşadılır. Toylarda dəstə tutub yallı getmək ənənəsi bu gün də var. Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusundan sonrakı gün keçirilən “Suüstü” mərasiminin 2-ci mərhələsi sayılan “Cıdır” mərasimində yaxınlıqdakı Xurs, Nürgüt, Nəsirvaz, Bist, Ələhi, Parağa kəndlərinin çaparları öz köhlən atlarını yarışdırırlar. Kütləvi cıdırdan sonra fərqlənən atlardan bir neçəsini çaparlar sərt yoxuş yollarla “Haça” deyilən təpəyə qədər çapırlar. Çətin yolu dəf edən çaparlardan ilk 3 yeri tutanları hədiyyə ilə mükafatlandırılır. Bu mərasim çal-çağırla sona çatır.
Kənddə yaşadılan digər milli adətlərdən biri də “Papaqgətirmə” mərasimidir. Qonşu kəndən gətirilən gəlin evdən çıxarkən bir neçə atlı bu xəbəri oğlan evinə çatdırmaq üçün yola çıxır. Kim Tiviyə tez çatarsa, o, qalib hesab olunur və hədiyyə alır.
Tividə əhalinin əsas məşğuliyyət növü kənd təsərrüfatıdır. Bu yurd yerinin əhalisi təsərrüfatın arıçılıq, bağçılıq və heyvandarlıq sahələri ilə məşğul olur. Sakinlər kəndin təbii və iqlim şəraitinin əlverişli olmasından istifadə edərək yüksək nəticələr əldə edirlər.
Təravət Hüseynova
“El həyatı”