Şahbuz rayonun baytarları öz vəzifələrini ilin bütün fəsillərində mütəmadi həyata keçirərək peyvəndlərin, qan analizlərinin və yoxlamaların aparılmasını diqqət mərkəzində saxlayırlar. Cari ilin noyabr ayı ərzində rayonun şəxsi təsərrüfatlarında bəslənilən mal-qara və heyvanlar arasında rast gəlinən müxtəlif xəstəliklərə qarşı peyvəndlər vaxtlı-vaxtında aparılıb. Belə ki, 1555 baş iribuynuzluda qan müayinəsi aparılıb. Nodulyar-dermatit xəstəliyinə qarşı 4967, emkar xəstəliyinə qarşı 1981, pasterellyoz xəstəliyinə qarşı isə 944 baş iribuynuzlu peyvənd olunub. Həmçinin 2987 baş xırdabuynuzluda brdazot xəstəliyinə qarşı peyvənd aparılıb.
Süni mayalanma tədbirlərini də diqqətdə saxlayan baytar həkimləri ötən ay 19 baş iribuynuzluda süni mayalanma aparıb. Süni mayalanma nəticəsində noyabr ayında 6 baş cins buzov doğulub.
Mal-qara saxlanılan yerlərdə dezinfeksiya işləri də diqqətdə saxlanılıb. 22 obyektin min kvadratmetrdən artıq sahəsi dərmanlanıb .
Görülən işlər sayəsində rayonumuzdakı şəxsi təsərrüfatlarda hər hansı bir xəstəliyin, epidemiyanın yaranmasına təsadüf edilmir. Elə buna görə də rayonumuzda istehsal olunan heyvandarlıq məhsulları öz keyfiyyəti ilə alıcıların rəğbətini qazanır. Tələbatın çoxalması isə istehsalın artmasına və bu sahənin inkişafına stimul yaradır.
Hazırda kollektivimizin qarşısında duran vəzifə bundan sonra da görülməsi nəzərdə tutulan işlərin vaxtlı-vaxtında həyata keçirilməsidir.
Mahilə Abışova
rayon baytarlıq idarəsinin həkimi
“Oğuz səsi” qəzeti