Üç ay ellərimizə qonaq olan payız fəsli də artıq yerini yavaş-yavaş qışa verməkdədir. Təbiətin sarı gəlini , qızılı saçlı payızda təbiəti küləklər təmizləyir, yağışlar yuyur. Payız elə bir fəsildir ki soyuğuna , küləyinə, yağışına baxmayaraq insan çöldə, təbiətin qoynunda olmaq istəyir. Qədim Naxçıvanımızın sıra dağlarının ətəyində qərar tutan, əzəmətli Çalxanqalanın, Məkkəzdağının sanki keşik çəkdiyi Babək rayonun Payız kəndinə elə adına uyğun bir fəsildə, payızda qonaq olmaq bir başqadır. Yaşanan payızın ən gözəl tablosudur bu kəndin mənzərəsi... Ulu tanrının əli ilə dağlarına, düzlərinə sığal çəkilən kənd dağların ətəyində bir gözəllikdir. Payız kəndi Gülşənabad, Cəhri və Aşağı Buzqov kəndləri ilə qonşuluqda yerləşir.
Kəndin tarixi də , təbiəti də, adının etimologiyası da həmişə maraq kəsb edib . Belə ki kənddən təxminən 1 km şimal qərbdə yerləşən məşhur Çalxanqala sübut edir ki, qədimdən bu qalanın ətrafında yaşayış yerləri olub. Siklopik tikili olan qaladan insanlar vaxtilə müdafiə məqsədi üçün istifadə ediblər. Bundan başqa kəndin şimalında, Cəhri çayının sağ və sol sahilində yerləşən Oğlan qala, Qız qala deyilən əfsanəvi abidələr də kəndin tarixinə işıq salır. Kəndin adı isə bir neçə ehtimala əsaslanır. Deyirlər, insanlar payız fəslində burada məskunlaşdığına görə Payız adlanıb, başqa bir ehtimal da var ki bu ərazidəki torpaqlar pay kimi verildiyinə görə belə deyilib.
Təbiəti də zəngin və gözəldir Payız kəndinin. Şimal hissəsi dağlıq, cənub hissəsi aran olduğuna görə həm aranda, həm də dağlıq zonaya məxsus meyvələr burada onlarla eyni zamanda yetişir. Kənd sakinləri qış hazırlıqlarını yekunlaşdırıb, şumlanan sahələrə taxıl əkilib. Ulu babalarımızdan, ağbirçək nənələrimizdən bu kəndə nə miras qalıbsa, o, müqəddəsdir, ülvidir. Bu müqəddəslik əsrlərin, illərin süzgəcindən damla-damla qəlblərə hopub, qəlbləri isindirir. Gələcəyə, nurlu sabaha açılan işıqlı pəncərəyə şəfəq saçır .
Yerli sakinlər deyir ki, vaxt vardı kəndin sakinlərinin ən böyük arzusu abad yol idi. Çünki bu kəndə gələn yollar çox bərbad idi. Nəticədə gediş-gəliş çətinləşirdi. Yığılan məhsulu zamanında bazara çatdırmaq olmurdu. Bu gün isə bütün kəndlərimizdə olduğu kimi Payız kəndinin də yollar rahat və abaddır. Gediş-gəlişi asanlaşdırmaq üçün dağlardan axıb gələn və kəndi iki hissəyə ayıran Cəhri çayının üstündə dəmir-beton konstruksiyalı nəqliyyat və piyada keçid körpüləri tikilib.
Zəngin bitki örtüyü olan Payız kəndində arıçılıq, maldarlıq və heyvandarlıq da geniş vüsət alıb. Hazırda kənddə 3500 baş xırdabuynuzlu və 400 baş iribuynuzlu mal qara, 1070 arı ailəsi saxlanılır.
Payız kəndində diqqəti çəkən məqamlardan biri də tarixi su dəyirmanıdır. Gündəlik istehsal gücü 1 ton olan dəyirmanın Cəhri çayından qidalanan 1250 metrlik arxı yenidən qurulub. Bu dəyirman dədə babadan kəndin xeyir bərəkət, ruzi təknəsi olub. 1941 -1945-ci illər müharibəsində dəyirman çox insanları aclığın girdabından xilas edib.
Muxtar Respublikamızda Batabatdan sonra ən gözəl, istirahət etməli məkan el arasında “Yuxarı bağ”, “Sabir meşəsi” kimi tanınan və bu kənddə yerləşən Payız meşəsidir. Hər fəsildə gözəl olan Payız meşəsinin ən füsunkar gözəlliyi elə bu zaman hiss olunur. Buz kimi soyuq bir bulağın səsi, bir də təbiətin sakitliyi bürüyüb ətrafı.
Əslində elə bu sakitlik Payızın Qışla görüşünə hazırlıqdır. Bir azdan dağların zirvələrindən üzü aşağı qış gələcək. Ancaq bu kənd ilin bütün fəslində gözəldir.
Türkanə Əmoyeva
Naxçıvan Dövlət Radiosunun əməkdaşı