Muxtar respublikanın rayonlarında ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu gün muxtar respublikanın rayonlarında da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib.
Dövlət və ictimaiyyət nümayəndələri ulu öndərin abidələri önünə gül qoyub, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Ötən əsrin 90-cı illərində Naxçıvan da mənfur ermənilər tərəfindən mütəmadi hücumlara məruz qalmışdı. Dahi şəxsiyyətin böyük nüfuzu, uzaqgörən siyasəti nəticəsində düşmən hücumlarının qarşısı qətiyyətlə alınıb, bütün bölgələrimizin müdafiəsi üçün mühüm addımlar atılıb.
Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən muxtar respublikada da uğurla həyata keçirilməsi bütün bölgələrimizdə davamlı sosial-iqtisadi inkişafı təmin edib. O cümlədən tikinti-quruculuq tədbirləri cari ildə də davam etdirilib, yeni sosial obyektlər istifadəyə verilib, sakinlərin rahat və firavan yaşayışı üçün ardıcıl işlər görülüb.
Bu gün hər bir naxçıvanlı Ümummilli Liderin xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Rayon mərkəzlərində anım günü tədbirləri təşkil olunub, ulu öndərin siyasi və dövlətçilik fəaliyətinin xalqımıza bəxş etdiyi misilsiz töhfələrdən söz açılıb. Tədbirlərdə ulu öndərə həsr olunmuş sərgilərə baxış olub, film nümayiş etdirilib.