Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, test mərkəzində 24 oktyabr-30 noyabr 2018-ci il tarixlərində elan edilmiş Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 17 dekabr 2018-ci il tarixindən başlayaraq növbəti test imtahanlarına start verilib.
Müsabiqəyə çıxarılmış 252 vakant vəzifənin tutulması üçün 241 nəfər sənəd təqdim edib. Test imtahanında iştirakçılara 80 sual təqdim edilir və sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilir. Keçirilən imtahanlarda stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün 48 bal, digər müəssisələrə işə qəbul üçün test tapşırıqları üzrə 64 bal, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə isə 40 bal toplayan namizədlər keçid balını toplamış hesab edilir.
Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilib. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana bilirlər. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların video çəkilişi də aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq 2018-ci ildən müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir.
Test imtahanları dekabr ayının 29-dək davam edəcək.