Soyuq havaların başlaması ilə ÜST-nin Avropa regionunda respirator xəstəliklərinə yoluxma hallarının sayında əhəmiyyətli artım qeydə alınıb. Region ölkələrinin təxminən yarısı yüksək qızdırma və öskürəklə pasiyentlərin sayının artması barədə məlumat verir. Qış mövsümündə virus xəstəlikləri nadir hal deyil, lakin onlar əhalinin həssas qrupları üçün ciddi təhlükə yarada bilər. NUHÇIXAN xəbər verir ki, ÜST sadə gigiyena qaydalarına riayət etmək və peyvənd olunmağı tövsiyə edir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri xəbərdarlıq edirlər ki, infeksiyaların yayılması beş yaşına qədər uşaqlar, eləcə də uyğun xəstəlikləri olan və 65 yaşdan yuxarı insanlar üçün təhlükə yaradır.
“Respirator patogenlərinin əhəmiyyətli mövsümi artımı gözlənilir, o, bundan əvvəl pandemiya dövründə müdafiə olunan uşaqlar arasında yoluxma hallarının sayının artması ilə şərtləndirilə bilər”, – deyə ÜST-nin Avropadakı regional ofisində yüksək təhlükəli patogenlər şöbəsinin müdiri doktor Mark-Alen Viddouson izah edib.
Respirator-sinsitial virus (RSV) – yoluxma hallarının yayılmasının ən pik həddi payız-qış və yaza təsadüf edən, habelə körpələrdə və uşaqlarda kəskin infeksiyalara səbəb olan mövsümi virusdur. RSV-nin ümumi simptomlarına zökəm, iştahanın azalması, öskürək, asqırma, qızdırma və təngnəfəslik daxildir. Həkimlər qeyd edirlər ki, əksər hallarda RSV-nin tam sağalma ilə başa çatmasına baxmayaraq, virus bronxit və pnevmoniya kimi ciddi fəsadlara səbəb ola bilər.
Son beş həftə ərzində körpələrdə RSV səbəbi ilə xəstəxanaya yerləşdirmə hallarının kəskin artması virusun artan fəallığından xəbər verir. Altı aya qədər uşaqlarda RSV aşağı tənəffüs yollarının kəskin infeksiyası hallarının 20 faizini təşkil edir.
COVID-19 xüsusilə də 65 yaşdan yuxarı şəxslər üçün ciddi təhdid yaratmaqda davam edir. Keçən il ilə müqayisədə xəstəxanaya yerləşdirmə hallarının nisbətən aşağı səviyyəsinə baxmayaraq, Çexiya, Finlandiya, İtaliya, Latviya və Slovakiya da daxil olmaqla, məlumat təqdim edən region ölkələrinin yarısı bu halların sayının artmasını qeyd edir.
Həkimlər xüsusilə yüksək risk daşıyıcısı qrupuna daxil olan şəxslər üçün COVID-19 və qripə qarşı vaksinasiya üzrə tövsiyələrin aktuallığını bir daha təkidlə vurğulayırlar. Əllərin mütəmadi yuyulması, xəstəlik zamanı ev rejimi, insanların həddindən çox olduğu yerlərdə səmərəli havalandırma və vaksinasiya kimi sadə tədbirlər virusların yayılmasını əhəmiyyətli dərəcədə azalda və ən həssas insanları qoruya bilər.
Respirator infeksiyaları mövsümü davam edir, buna görə də ÜST vaksinasiyanın stimullaşdırılması və sağlamlığın qorunmasına dair əlavə tədbirlərin görülməsi üçün hökumətlərə əhalinin həssas qrupları ilə əməkdaşlıq etməyi təklif edirlər.