Ekologiya könüllüləri Zəngəzur Milli Parkında olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ekologiya könüllülərinin Zəngəzur Milli Parkına ekskursiyası təşkil olunub.
Gənclərə məlumat verilib ki, parkın yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir ki, bunlardan 32 növ və ya yarımnövə Zəngəzur Milli Parkının ərazisində rast gəlinir. Muxtar respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın ərazisində mövcuddur ki, bu bitkilərdən bir çoxunun adı “Qırmızı kitab”a daxil edilib.
Zəngəzur Milli Parkı ərazisində turizmin inkişafı üçün bir sıra tədbirlər görülür. Bu istiqamətdə bir sıra turist marşrutları müəyyən olunub ki, bunlardan Milli Parkın Şahbuz rayonu ərazisində Fərhad evi, Alban kilsəsi, Qanlı göl, Batabat gölləri, Zor bulaq, həmçinin Ordubad rayonu ərazisində Gəmiqaya, Göygöl, Pəzməri şəlaləsi təşkil edir.