Milli Məclis Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyən “Aviasiya haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı məsələ parlamentin dekabrın 22-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.
Bu Qanun Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Ölkə məkanında aviasiya sahəsində fəaliyyət, tələblər, vəzifələr, dövlət rüsumları müəyyənləşdirilən sənədlə Azərbaycanda aviasiya sahəsində olan norma və tələblər ən yüksək beynəlxalq standartlara çatdırılacaq.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standartlarının və tövsiyələrinin nəzərə alındığı qanun layihəsi 68 maddə, 15 fəsildən ibarətdir.
Sənəd qüvvəyə mindiyi gündən “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli Qanunu ləğv olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.