Şahbuzda şəhid leytenant Mərhəmət Həmzəyevin xatirəsi yad olunub - FOTOLAR
Dekabrın 22-də Şahbuz rayonunun Keçili kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Mərhəmət Həmzəyevin xatirəsi yad olunub.
NUHÇIXAN xəbər verir ki, tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Şahbuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, media nümayəndələri, rayon gəncləri, ağsaqqallar və ziyalılar, hərbçilər, şəhidin döyüş yoldaşları iştirak ediblər.
Şəhidin məzarı başında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə iştirak edənlər şəhidin əziz xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri düzüblər.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, suverenliyimizin təmin olunmasından və şəhid Mərhəmət Həmzəyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediliblər.
Anım mərasimində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Xatırladaq ki, ailənin böyük oğlu olan Mərhəmət Həmzəyev 1997-ci il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub. Keçili kənd tam orta məktəbinin 8-ci sinfini bitirən Mərhəmət sənədlərini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə verir. İmtahandan müvəffəqiyyətlə keçib Hərbi liseyin kursantı adını qazanan Mərhəmət öz təlim-tərbiyəsi, biliyi ilə müəllim və zabitlərinin rəğbətini də qazanır. 2015-2019-cu illərdə Azərbaycan Ali Hərbi Məktəbini bitirib hərbi hissələrin birində xidmətə başlayır.
Vətən müharibəsində Murovdağ istiqamətində döyüşlərdə iştirak edən leytenant Mərhəmət Həmzəyev əsgərləri ilə birlikdə şücaət göstərib. 3 yaralı yoldaşını döyüş meydanından çıxarsa da, özünü xilas edə bilmir, düşmən gülləsinə tuş gəlir. Oktyabr ayında şəhadətə qovuşsa da, nəşi tapılmır. İtkinlər siyahısında olan Mərhəmət Həmzəyevin nəşi tapılaraq dekabrın 22-də doğulub boya-başa çatdığı Keçili kəndində dəfn edilir.
Mərhəmət Həmzəyev həmçinin Tovuz döyüşlərinin də iştirakçısı olub. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Qəhrəmanın xatirəsini yaşatmaq üçün Keçili kəndində bulaq-abidə inşa edilib. Şəhid Mərhəmət Həmzəyevin xatirəsinə tikilmiş bulaq-abidədə Naxçıvandan olan bütün şəhidlərin fotoları da yer alır.