NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecinin Baytarlıq ixtisasının tələbələri Naxçıvan Dövlət Baytarlıq Xidmətində istehsalat təcrübəsi keçiblər.
Təcrübə zamanı muxtar respublikada baytarlıq xidmətinin müasir tələblər səviyyəsində qurulması və dövlətimizin bu sahəyə göstərdiyi qayğısı ilə bağlı tələbələrə məlumat verilib. Qeyd olunub ki, tələbələrin Dövlət Baytarlıq Xidmətində təcrübə keçməsi onların gələcəkdə ixtisaslı kadr kimi formalaşmasında xüsusi rol oynayır.
Daha sonra Dövlət Baytarlıq Xidmətinin əməkdaşları “Heyvanlar arasında aparılan profilaktiki peyvəndləmə tədbirlərinin əhəmiyyəti”, “Heyvandarlıq sahəsinin inkişafında süni mayalanmanın rolu” mövzusunda çıxışlar ediblər.
Tələbələr həmçinin Naxçıvan Muxtar Respublikasının Baytarlıq laboratoriyasında olublar. Burada onlara laboratoriyanın iş prinsipi, patoloji materialların qəbulu, qan nümunələrinin yoxlanılması qaydaları, cihaz və avadanlıqlar haqqında ətraflı məlumat verilib.
Ərhan Novruzov