Naxçıvanın Vəkillər Kollegiyası bu il “İlin Vəkil Qurumu” mükafatına layiq görülüb - FOTOLAR
Naxçıvanda vəkillərin peşə bayramı qeyd olunub.
NUHÇIXAN xəbər verir ki, Vəkillər Kollegiyasının üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər. Sonra iştirakçılar Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Vəkillər Kollegiyasında davam edən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov tədbir iştirakçılarını “Vəkil Günü” münasibətilə təbrik edib. Bildirilib ki, Heydər Əliyevin tərəfindən 1999-cu il 28 dekabrda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanıb. Bu qanunla Azərbaycan tarixində ilk dəfə olaraq vəkillik tam müstəqil bir təsisat kimi təsbit olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli “Vəkil günü” peşə bayramının təsis edilməsi barədə Sərəncamı isə vəkillərə göstərilən diqqətin bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası 2023-cü il Azərbaycan Vəkillər Kollegiyası tərəfindən “İlin Vəkil Qurumu” mükafatı ilə təltif olunub. Vurğulanıb ki, hazırda muxtar respublikada 19 vəkil fəaliyyət göstərir, gənc hüquqşünasların da vəkil peşəsinə olan marağının artırılması istiqamətində işlər uğurla davam etdirilir.
Tədbirdə digər çıxış edənlər vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi və onların hüquqlarının müdafiəsinin əhəmiyyətindən danışıb, həmkarlarını bayram münasibətilə təbrik ediblər.
Tədbirdə Heydər Əliyevin həyatından bəhs edən film nümyiş olunub.