NUHÇIXAN xəbər verir ki, muxtar respublikada 2018-ci ilin yanvar-noyabr aylarında 2 milyard 421 milyon manatdan artıq ümumi daxili məhsul istehsal olunub. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 5330 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 899 milyon 617 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 928 milyon manata yaxın vəsait yönəldilib. Bu rəqəm bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 861 milyon 631 min manatı və ya 92,8 faizi tikinti-quraşdırma işlərinin payına düşür.
Bəhs olunan dövrdə 411 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 23 min tonu, süd istehsalı isə 80 min tonu ötüb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,5 faiz, süd istehsalı isə 1,4 faiz artıb.