NAXÇIVAN POEZİYASININ ƏBƏDİ YADİGARI

Asim Yadigar - 70

A- A A+

Yanvarın 5-də şair-dramaturq, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarın 70 yaşı tamam olur.

Asim Yadigar (Əliyev) 1954-cü ildə Şərur rayonunun Püsyan kəndində anadan olub. 1975-ci ildə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 2007-ci ildən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri kimi fəaliyyət göstərən Asim Yadigar Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi (2005) fəxri adı, “Heydər Əliyev” xatirə qızıl medalı (2013), “Tərəqqi” medalı (2014) və Naxçıvan MR Ali Məclisi Sədrinin Fəxri fərmanı ilə təltif olunub (2014), 2009-cu ildə Prezident mükafatına layiq görülüb.

“Zirvə yolu”, “Unut bu sevdanı”, “Oğul dağı”, “Hər şeyin sonu var”, “Midiyanın süqutu”, “Kalba Musa çeşməsi”, “Bahar”, “Bir ömrün nəğməsi”, “Sənətinin vurğunu”, “Bir nurlu heykəl yarat”, “O mənim ürəyim deyil”, “Xaqani” və iki cildlik “Seçilmiş əsərləri”ndən ibarət 14 kitabın, 10-a yaxın pyesin, 20-dən çox poemanın müəllifi olan Asim Yadigarın şeirləri 30-dan artıq ədəbi almanaxda, 30-a yaxın qəzet və jurnalda dərc olunub, fransız, türk, fars dillərinə tərcümə edilib.

Azərbaycançılıq məfkurəsinin tərənnümü Asim Yadigar yaradıcılığının əsasını təşkil edir. Onun ədəbi külliyyatında Vətənimizi tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeir, poema və dram əsərləri xüsusi yer tutur. Şair təkcə ədəbi fəaliyyətlə məşğul olmur. O həm də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri kimi ədəbiyyatımıza neçə-neçə gənc şair və yazıçıların gəlməsində, eləcə də muxtar respublikada ədəbi mühitin inkişafında yaxından iştirak edir. Asim Yadigar Naxçıvan teleradiosu ilə də sıx əməkdaşlıq edir.

Naxçıvan teleradiosu və “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivi adından biz də şair-dramaturq Asim Yadigarı 70 illik yubileyi münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Asim Yadigarın şeirlərindən seçməni oxuculara təqdim edirik.

ZƏFƏR yolu

Soldurub baharını, gətirdik sərt qışını,

Axıdıb bu yerlərdə düşmənin göz yaşını,

Dəmir yumruqla əzdik onun murdar başını.

Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Ali Baş Komandanım, yaşa, var ol, yüz yaşa!

Saldığın Zəfər yolu tamaşadır, tamaşa,

Bu yolu tutmalıyıq başdan-başa qumaşa.

Bu yol ata arzusu - bu yol Öndər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Onun hər qarışına qarışıb şəhid qanı,

Bu qanlarla qurtardıq qandan Azərbaycanı.

Oğlum, nəvəm, qardaşım, bu yolu sən də tanı.

Bu yol qorxu bilməyən hünərvərlər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Bu yolda dəfn eylədim içimdəki qorxunu,

Həqiqətə çevirdim əfsanəni, yuxunu,

Sancdı düşmən köksünə igidlərim oxunu.

Bu yol qəlbə rahatlıq gətirən nər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Yamyaşıl meşələrin nəğməsi necə şirin,

Kölgəsi gün görməyir, kölgəsi necə sərin.

Bu zümrüd meşələrin, bu dərin dərələrin

Hər biri xoş müjdələr verən xəbər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Sıldırım qayaları öpürəm gözlərimlə,

Oxşayıram hər izi, cığırı sözlərimlə,

Öyünür, fəxr edirəm dağımla, düzlərimlə.

Daha bu yol nə həsrət, nə də qəhər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Otuz illik həsrəti qırx dörd gündə dağıdan,

Ey qəhrəman qazilər, sizə hər an can qurban.

Bu yolda şəhidləri unutmadım bircə an,

Bu yol cəsur, qəhrəman, igid əsgər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Ulu Naxçıvanımın qorxmaz, ər oğulları,

Oxudum qayalarda siz yazan nağılları!

Dağa qalxan maşınlar sanki durna qatarı

Qalxır Şuşaya sarı, qala-şəhər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

 

Ədalətinə şükür, ey qoca, gidi dünya,

Mən Cıdır düzündəyəm - nə yuxudur, nə röya.

Burdan - Cıdır düzündən səslənərək dünyaya

Deyirəm: - Bu qələbə, zəfər, bu ər yoludur,

Bu yol Şuşaya gəlir, bu yol Zəfər yoludur!

 

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: