Naxçıvanda Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilib - YENİLƏNİB - VİDEO
NUHÇIXAN xəbər verir ki, yanvarın 8-də Naxçıvan şəhərində Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilib.
Forumda Azərbaycan Milli QHT Forumunun rəhbər heyəti və Naxçıvan Muxtar Respublikası üzrə qeydiyyatda olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycanın keçdiyi böyük inkişaf yoluna nəzər salaraq bildirib ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin edilib, suverenliyimiz tam bərpa olunub.
Qeyd edilib ki, 2002-2022-ci illərdə ölkəmizdə ümumi daxili məhsul 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib. Bu dövrdə yüzlərlə sosial obyektlər tikilib istifadəyə verilib, yollar inşa olunub.
İnvestorların səmərəli fəaliyyəti üçün münbit şərait yaradılıb, sahibkarlıq inkişaf etdirilib. Son 20 ildə iqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. Sahibkarlıq subyektlərin sayı 180 mindən 1,5 milyona qədər artıb. Ötən müddət ərzində 23 mindən artıq kiçik müəssisə və obyekt özəl mülkiyyətə keçib.
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli qeyd edib ki, QHT sektorunun daha da səmərəli fəaliyyəti üçün aparılan köklü islahatlar əhəmiyyətli, pozitiv dəyişikliklər yaradır.
"Estafet" Gənclərin İctimai Birliyinin sədri Arzu Qasımov bildirib ki, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Azərbaycan tarixində qızıl dövr açıb. Vətəndaş cəmiyyəti də ölkədə gedən proseslərdə fəal iştirak etməyə çalışır.
Forumda “Naxçıvan şəhid ailələri” İctimai birliyin sədri Mais Gülməmmədov, “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri Gülxanım Orucova, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov, o cümlədən şəhid ailələri və qazilər çıxış edib, problemlərini və təkliflərini diqqətə çatdırıblar.
Forumdan sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, AMQF-nin regional forumları bu gün başa çatır. Yanvarın 10-da Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək