Milli Məclisin komitə iclasında üç məsələ müzakirə olunub

A- A A+

Yanvarın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, iclası açan komitənin sədri Musa Quliyev iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini diqqətə çatdırıb.

Gündəliyin birinci məsələsini - 2023-cü ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edən M.Quliyev diqqətə çatdırıb ki, həmin dövrdə komitənin 13 iclası keçirilib və 36 məsələ müzakirə olunub.

Sessiya dövründə Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında”, “Sosial xidmət haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin” təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” və digər qanun layihələri komitədə müzakirədə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib və qəbul olunub.

Bununla yanaşı, komitə tərəfindən “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda geniş elmi-praktik konfrans keçirilib.

Sonra Musa Quliyev komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı barədə məlumat verib. Bildirilib ki, komitə tərəfindən “Əhalinin məşğulluğunun artırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqinin monitorinqi məqsədilə dinləmələrin keçirilməsi nəzərdə tutulur.

İclasda çıxış edən komitə üzvlərinin qeyd və təklifləri dinlənildikdən sonra komitənin iş planı təsdiqlənib.

Sonra iclasda “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub.

Qanun layihəsi barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, təqdim olunan qanun layihəsi “Media haqqında” Qanuna uyğunlaşdırma məqsədilə 18 qanunda 174 maddə üzrə 223 adda terminoloji dəyişikliyi özündə ehtiva edir. “Kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə, “veriliş” sözü “proqram” və ya “yayım” sözləri ilə, “teleradio verilişləri təşkilatları” sözləri isə “televiziya və radio yayımçıları” sözləri ilə əvəzlənir.

Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: