...Düz 34 il ötür. 1990-cı il 20 Yanvar faciəsindən. Bəli, bu tarixi də yaşadıq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində dinc əhaliyə qarşı qətliam törətdi. Bu tarix bizim qan yaddaşımızdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində bəşəriyyətə, insanlığa qarşı törədilmiş terrordur. Geriyə nə qalır, unudulmayan bir tarix və adları tarixə qanla yazılan faciə qurbanlarının soyuq məzarları...
...Məzarlar önündə addımlayıram. Bir sükut var. Soyuq məzarlara baxıram. Məzarlardan mənə tuşlanan baxışlarda: İlhamın, Fərizənin, Sürəyyanın, daha adını çəkə bilmədiyim insanların sualları vardı. Sanki məzarlardan uyuyan insanlar qalxıb deyəcək, axı biz neyləmişdik?
Şəhidlər xiyabanı...
Dilə gəlir məzarlar:
Axı biz neyləmişdik?
Məzarları seyr edən solğun üzlər,nəzərlər:
-Axı biz neyləmişdik?
Sərvəti talan olmuş,
Düz sözü yalan olmuş
Böyük bir məmləkətin Göygölündə səslənir,
Şah dağında səslənir:
-Axı biz neyləmişdik?
Sönən həyatlar, öz qanı–canı bahasına, sinəsini tank önünə sipər edən xalqımız. Faciə və qəhrəmanlığı bir gecədə yaşayan günahsız insanlar. Öz–özümə fikirləşirəm. Bu da bir sınaqdır. Azadlıq üçün xalqımız neçə sınaqlardan keçib.
20 Yanvar faciə gününü xatırlayıram. Axı nə üçün? Nə üçün əliyalın xalqımızı atəşə tutdular? Nə üçün susdurdular? Nə istəyirdi xalqımız, azadlıq, müstəqillik? Bu idimi cavabı... Bu idimi, sovet qoşunlarının gülləsinə tuş gəlmək.
Niyə? “Qışda qışlaqları, yayda yaylaqları olmuşdu”, Azərbaycan. Bu faciənin əsası hələ 1920-ci ildən qurduğumuz Cümhuriyyəti yıxaraq, 70 il əsarətdə xalqımızı saxlayaraq, sərvətlərimizi talayaraq, ziyalılarımızı min bir böhtanla güllələdib, azadlığımıza kölgə salaraq başlamışdı.
Əslində tarixən bizə qarşı olan bu nifrət, qəhrəman oğullarımızın öldürülməsi, 20 Yanvar faciəsinin fraqmanı idi. Bu faciə sonralar erməniləri qızışdırıb bizə qarşı qoyan, Xocalı faciəsinin “təşilatçısı” olan, əliyalın əhalinin üzərinə tankla, topla gələn keçmiş SSRİ-nin məkrli siyasəti idi.
...Beynimdə fikirlərim qarışır, bir də görürəm gəlib çıxmışam son məzarın qarşısına. Biz dözdük. Biz səbr etdik. Mübarizəmizi davam etdirdik. Bu yoldan dönmədik. İşıqlı sabahlar üçün mübarizə apardıq.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol.
Ey xalq, ey sevgili millət yaşa, var ol.
Əslində yaşanan faciə, gələcəkdə bir yumruq olub, erməni işğalından ərazilərimizin qəhrəman oğullarımız tərəfindən azad olunmasına, Zəfəri dadmağımıza gətirib çıxardı. Qəhrəman oğullarımız azadlıq mübarizəsini davam etdirərək, 44 günlük müharibədə torpaqlarımızı erməni işğalçılarından azad etdi. Faciələr xalqımızın gözünü açdı. Biz gördük ki, düşmən kimdir, dost kimdir. Və biz göstərdik ki, Azərbaycan xalqının birliyi daha güclüdür.
...Məzarlar bitir. İçimdən bir səs gəlir:
-Var olun, Azərbaycanın qeyrətli oğul və qızları. Xalqın xoşbəxtliyini öz xoşbəxtliyindən üstün tutan xalqımızın dəyərli övladları, azadlıq mücahidləri. Allah sizə rəhmət eləsin.
Sacidə Hüseynova
Naxçıvan televiziyasının əməkdaşı