Naxçıvanda aqroparklar yaradılacaq - VİDEO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada aqroparklar yaradılacaq. Ən böyük aqropark üçün Kəngərli rayonunun Böyükdüz massivində ərazi ayrılıb. 2 min hektardan artıq ərazidə görüləcək işlər Naxçıvanda aqrar sahənin inkişafına daha geniş imkanlar açacaq.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova bildirib ki, Aqropark kənd təsərrüfatı sahəsində sahibkarlara dəstək məqsədilə zəruri infrastruktura və müvafiq idarəetmə qurumlarıma malik, həmçinin müasir texnologiyalara əsaslanaraq rəqabətqabiliyyətli məhsul istehsalı və emalı, o cümlədən satışı ilə məşğul olacaq bir ərazini təmin edəcəkdir. İlkin olaraq ərazidə ayrı-ayrılıqda min baş olmaqla 2 heyvandarlıq təsərrüfatının yaradılması, o cümlədən 3 min başlıq damazlıq da daxil olmaqla quşçuluq təsərrüfatının yaradılması nəzərdə tutulub. Ət və süd emalı müəssisələri, o cümlədən meyvə-tərəvəz məhsullarının emalı sahələri də ayrılacaqdır. Ərazi ümumiyyətlə avtomatlaşdırılmış və intensiv üsullara əsaslanaraq fəaliyyət göstərəcək.
Aqroparkda həmçinin tədarük və təchizat, o cümlədən digər yardımçı zonaları da olacaqdır.
O həmçinin qeyd edib ki, Emal zonasında ət və süd məhsullarının, o cümlədən bitkiçilik məhsullarının emalı planlaşdırılmaqla, o cümlədən onların qablaşdırılması və etiketlənməsi də nəzərdə tutulub. Həmin ərazidə heyvanların bəslənməsi ilə yanaşı, onların kəsilməsi, həmin ərazilərdə yem istehsalının yaradılması məqsədilə müəssisələr də olacaqdır. Aqroparkın ərazisi elektrik, qaz xətləri, su xətləri ilə təmin olunacaq, eyni zamanda müasir yollar çəkiləcək, pivot damlama, çiləmə sistemləri qurulacaq.
Ərazidə bitkiçilik və heyvandarlıq təsərrüfatlarının xəstəlik və zərərvericilərdən qorunmasına da xüsusi diqqət yetiriləcək.
Aqroparkın fəaliyyətə başlaması “Orqanik Naxçıvan” brendi ilə məhsul istehsalının və çeşidinin artırılmasına mühüm töhfə verəcək. Bu baxımdan məhsul istehsalında orqanik gübrə vacib amildir. Bu məqsədlə ərazidə istehsal müəssisəsi yaradılacaq.
Aqroparkın tərkib hissəsinə orqanik bağların da salınması nəzərdə tutulur. İlk olaraq Babək rayonunda bu məqsədlə 50 hektar torpaq sahəsi ayrılıb.
Qeyd olunub ki, həmin torpaq sahəsində ötən il “Zəngi-2023" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birlikdə orqanik bağın salınması təmin olunmuşdur. Düşünürük ki, aqroparkın tərkib hissəsi digər rayonlarda da müvafiq olaraq ərazilərin seçilməsi gələcəkdə mümkün olacaq.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvanda aqroparkın fəaliyyətə başlaması kənd təsərrüfatının daha intensiv inkişafına təkan verməklə sosial-iqtisadi inkişafda mühüm pay sahibi olacaq.