NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Şərur şəhərinin ərazisindəki işıqlandırma sistemlərinin istismara yararsız və təhlükə törətmək ehtimalı olan yeraltı və yerüstü xətləri, dirəklər təzələnib, su və kanalizasiya sistemi yoxlanılıb, qazanxanalara daxil olan xətlərdə və lazım olan digər yerlərdə təmir işləri aparılib. Şərur şəhərində olan və 572 mənzili əhatə edən hündürmərtəbəli yaşayış binaları artıq fasiləsiz işləyən 13 qazanxana vasitəsi ilə qızdırılır.
Küçə və səkilərin abadlığı, yağış və qar sularının həyətlərdə yığılmaması üçün tədbirlər həyata keçirilib. Kanalizasiya xətlərinin problemsiz işləməsinə nəzarət artırılıb, çirkab suları yığılan anbarlardakı nasoslar tam saz vəziyyətə gətirilib.
Kompleks tədbirlərin həyata keçirilməsi və müvafiq idarələrlə əlbir fəaliyyət sayəsində şəhərdə elektrik, qaz və su təchizatı da xeyli yaxşılaşıb. Ən mühüm məsələlərdən biri də təmizlik, abadlıq işləridir ki, bunlar da ciddi nəzarətə götürülüb. Tez-tez yerlərə baxış keçirilir, səliqə-sahman yaradılır, yaşıllıqlarda payız becərmə tədbirləri aparılır, nəzərdə tutulmuş boş sahələrə ağac əkilir. Qışda səkiləri qardan və buzdan təmizləmək üçün də kifayət qədər avadanlıqlar tədarük edilib, işçi qüvvəsi yaradılıb.
“Şərurun səsi” qəzeti