Seçki hüququ dövlətin vətəndaşına veridiyi ən yüksək siyasi hüquqdur. Siyası mədəniyyətin, hüquq şüurunun və mədəniyyətinin formalaşmasında, xalqın iradəsinin milli maraqlar ətrafında birləşməsində isə seçkilərin əhəmiyyəti olduqca böyükdür.
Kimlər səs verə bilər? Ölkə vətəndaşlarının dövlət orqanlarına və bələdiyyələrə seçmək və seçilmək hüququ hər bir vətəndaşın konstitusion hüququdur. Konstitusiyamızda və Seçki Məcəlləndə nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək, Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ, aktiv seçki hüququ vardır.
Seçki Məcəlləsinin tələbləriə cavab verən, ölkə ərazisində 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər. Ölkə Konstitusiyasına uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan, aktiv seçki hüququndan məhrumdurlar.
Seçki məntəqələri necə yaradılır? Səsvermənin keçirilməsi və səslərin hesablanması məqsədi ilə bələdiyyə qurumlarının ərazilərində qeydə alınmış seçicilərin sayı nəzərə alınmaqla hər beş ildən bir seçki məntəqələri yaradılır. Seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır. Seçki məntəqəsinin yaradılması haqqında dairə seçki komissiyasının qərarında məntəqənin hüdudları (seçki məntəqəsi yaşayış məntəqəsinin bir hissəsini əhatə etdikdə evlərin nömrələri nəzərə alınmaqla küçələrin adları) dəqiq göstərilməlidir.
Seçki məntəqələri yaradılarkən hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalı və seçki məntəqələrinin sərhədləri seçki dairələrinin sərhədlərini pozmamalıdır.
Səsvermə günü seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində) seçki məntəqələri Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada Seçki Məcəlləsi müəyyənləşdirilmiş müddətdə, MSK-nın müəyyənləşdirdiyi müstəsna hallarda isə səsvermə gününə azı 5 gün qalmış yaradıla bilər. Belə seçki məntəqələri yerləşdikləri yerdə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur. Bu cür seçki məntəqələri yalnız referendum və Prezident seçkilərinin keçirilməsi üçün yaradılır.
Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olan Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getmələri) qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun.
Səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır. Bu cür seçki məntəqələri yalnız referendum və Prezident seçkilərinin keçirilməsi üçün yaradılır.
Səsvermə otağı necə təşkil olunur? Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu məntəqə seçki komissiyasına əvəzsiz olaraq səsvermə otağı ayırır. Səsvermə otağına səsvermə qutuları, kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulmalıdır (qurulmalıdır). Səsvermə qutuları, kabinəsi və digər xüsusi avadanlıq elə yerləşdirilməlidir ki, seçicilərin səs verərkən rahat hərəkət etmələrinə mane olmasın.
Səsvermə otağında namizədlər haqqında, bülletenlərin doldurulması qaydası haqqında məlumatları göstərilməsi məqsədi ilə MSK-nın müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir. Göstərilən lövhə elə yerləşdirilməlidir ki, seçicilər lövhədə olan materialları sərbəst oxuya bilsinlər. Lövhədə cinayət və inzibati qanunvericilikdən vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət müəyyənləşdirən məlumatlar yerləşdirilməlidir. Qeydə alınmış namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda məlumatda qeydə alınmış namizədin məsuliyyətə alındığı Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı, nömrəsi, namizədin yaşadığı başqa dövlətdə Cinayət Məcəlləsində cinayət sayılan əməli olmuş və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışsa, xarici dövlətin müvafiq qanununun adı göstərilməlidir.
Səsvermə otağı elə təşkil edilməlidir ki, seçki bülletenlərinin verildiyi yer, kabinələr, səsvermə üçün digər yerlər, səsvermə qutuları məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən sərbəst görünə bilsin.
Səsvrmə üçün qeydiyyatdan hansı qaydada çıxmaq olur? Prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin forması, hazırlanma qaydası, sayı, verilmə reyestrinin forması, hazırlanmasına aid tələblər MSK tərəfindən səsvermə gününə azı 45 gün qalmış təsdiq edilir.
Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. Səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsi almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq iki gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edərək, seçicinin əvvəl səsvermə vəsiqəsini alıb-almaması faktını araşdırmalıdır. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır. Səsvermə vəsiqəsinin alınması haqqında seçici və ya onun nümayəndəsi reyestrdə (dairə seçki komissiyasında) və ya seçicilər siyahısında (məntəqə seçki komissiyasında) şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin kəsilən küncü reyestrə və ya seçicilər siyahısına əlavə edilir. Bunun əsasında seçici qeydə alınmış seçicilərin hesablanması zamanı nəzərə alınmır və müvafiq protokola daxil edilmir.
Məntəqə seçki komissiyası verilən səsvermə vəsiqələri haqqında məlumatı vəsiqə verildikdən sonra dərhal dairə seçki komissiyasına təqdim edir. Dairə seçki komissiyası həmin məlumatları hər 2 gündən bir Mərkəzi Seçki Komissiyasına təqdim edir. Səsvermə vəsiqəsi bu vəsiqəni verən seçki komissiyasının möhürü ilə təsdiq edilməlidir, onun üzərində müvafiq dairə və ya məntəqə seçki komissiyası üzvünün imzası olmalıdır. Səsvermə vəsiqəsi seçici tərəfindən seçki bülleteninin alınması üçün təqdim edildikdə vəsiqə seçicilər siyahısına əlavə edilir. Seçici seçkilər günü səsvermə bülletenini alarkən səsvermə vəsiqəsində öz yaşayış yerinin ünvanını göstərməlidir və onu imzalamalıdır.
Məntəqə seçki komissiyası səsvermə günü seçki bülletenlərini alarkən seçicinin barmağının işarələnməsini zərərsiz, gözə görünməyən mayedən istifadə etməklə həyata keçirir. Seçicinin sol əlinin baş barmağı çiləmə üsulu ilə işarələnir. Seçicinin barmağının əvvəl seçki bülletenini alarkən işarələnməsini müəyyən etmək üçün ultrabənövşəyi lampadan istifadə edilir.
Səsvermə hansı qaydada təşkli olunur? Seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri ilə və ya məlumat lövhələri vasitəsi ilə seçiciləri xəbərdar etməlidirlər. Yaşayış məntəqəsində seçicilərin ümumi sayı 50-dən azdırsa və həmin yaşayış məntəqələrindən ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan çox vaxt tələb olunursa, dairə seçki komissiyası həmin seçicilərin seçicilər siyahısına daxil edildikləri seçki məntəqəsinə çatdırılması üçün ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Bu cür istifadənin xərcləri dairə seçki komissiyasına MSK tərəfindən ayrılan vəsait hesabına ödənilir.
Seçkilər günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə nə etməlidir? Seçkilər günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirməlidir. Bu istək şifahi şəkildə bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir.
Səsvermə nə vaxt başlayır? Seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.
Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin Seçki Məcəlləsində nəzərdə tutulan maye ilə əvvəl işarələndiyini yoxlayır və içəri daxil olmağa icazə verir. Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Barmağının maye ilə işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir. Seçici razılaşmadıqda ondan seçki məntəqəsini tərk etmək tələb edilməlidir. Bu barədə seçici siyahısında "işarələnmədən imtina etdi" qeydi aparılır. Seçici razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir.
Seçiciyə seçki bülleteni hansı sənədi təqdim etdikdə verilir? Seçiciyə seçki bülleteni seçici vəsiqəsi ilə birlikdə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir. Seçici seçki bülletenini aldıqdan sonra seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi yazılır. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir. Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir. Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə gününün tarixini əks etdirən xüsusi möhür (ştamp) vurur. Seçki bülleteni ilə birlikdə seçiciyə zərf verilir və ona möhür vurulur. Seçicinin seçki bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında «seçicinin seçki bülletenini alması haqqında imza» qrafasında imza etməlidir.
Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.
Seçici necə səs verir? Hər bir seçici şəxsən və təklikdə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir. Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur. Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlilliyi olan seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir. Seçici doldurulmuş seçki bülletenini səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır.
Seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, Seçki Məcəlləndə göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır.
Seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, Seçki Məcəlləndə nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq-mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq-mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır.
Seçici seçki bülletenini doldurarkən səhv etdiyini bildirərsə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur.
Səsvermə otağından kənarda səsvermə necə həyata keçirilir? Məntəqə seçki komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə görə səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır.
Seçicilərin səsvermə otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə seçici tərəfindən məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə bir daha təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülleteni aldığını ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir. Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə gününün tarixini əks etdirən xüsusi möhür (ştamp) vurur. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi qeyd olunmalıdır. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar göstərilməlidir.
Bəs, daşınan seçki qutusundan nə vaxt istifadə edilir? Daşınan seçki qutusundan yalnız səsvermə günü istifadə edilir. Bu seçki qutusu ilə gedən məntəqə seçki komissiyasının üzvləri ərizələrin (müraciətlərin) sayına uyğun seçki bülletenləri alırlar (bu saya 3 seçki bülleteni əlavə olunur). Seçicilərin ərizələri ilə əlaqədar istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin sayı ayrıca tərtib olunan aktda göstərilir. Eyni zamanda, seçicilər siyahısında seçicinin seçki məntəqəsindən kənarda səs verməsi məntəqə seçki komissiyasının üzvü tərəfindən ayrıca qeyd olunur. Məntəqə seçki komissiyasının üzvləri daşınan seçki qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır və onun yarığı bağlanıb möhürlənir. Səsvermə otağından kənarda səsvermə elə təşkil edilməlidir ki, vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etməsi qaydaları pozulmasın.
Seçki mədəniyyəti hüquq mədəniyyətimizin əsas göstəricisidir. Çalışaq ki, bu seçkilərdə də yüksək seçki mədəniyyəti nümayiş etdirək. Axı bu Qalib xalqın Zəfər seçkisidir!
Faiq Səfərov
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
şöbə rəisi, baş ədliyyə müşaviri
Prokurorluğun fəxri işçisi