Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət və onların hüquqlarının pozulmasına görə məsuliyyət

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 dekabr 2023-cü il tarixli sərəncamla Azərbaycanda növbədənkənar prezident seçkiləri günü 7 fevral 2024-cü il tarixə təyin olunub. Beləliklə, Qarabağın işğaldan azad olunması ilə ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək.

Seçki — dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsuludur. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir.

Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalqın etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən qoruyur.

İnsan hüquqlarının qorunması,qanunun aliliyi və demokratik dəyərlərin bərqərar olması mühüm fundamental prinsiplər kimi sivil inkişaf yolu tutmuş ölkələr üçün başlıca prioritet məsələlərdəndir. Seçki sistemi demokratiyanın əsas göstəricilərindən biri olduğu üçün, Azərbaycanda bu sistem hərtərəfli inkişaf etdirilib daha da təkmilləşdirilərək, mühüm nailiyyətlər qazanılıb. Bu məqsədlə ilk əvvəl dünyada yetkin demokratiyanın mövcud olduğu ölkələrin təcrübəsi yaxından öyrənilib. Bunun reallaşdırılması sayəsində Azərbaycanda da hada mükəmməl hüquqi baza yaradılıb, seçkilər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq genişlənib və seçkilərin hazırlanıb keçirilməsində dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyədə durur.

Vətəndaşların seçmək və seçilmək hüququ Azərbaycan Respublikasında dövlət işlərinin və ictimai işlərin idarə olunmasında onların iştirakı haqqında Konstitusiya ilə verilmiş hüquqlarıın ən mühüm hüquqi təminatıdır. Respublikanın vətəndaşları seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər.

Seçkilər günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası vətəndaşlarının seçmək hüququ vardır. 18 yaşına çatmış və fəaliyyət qabiliyyəti olan vətəndaşların hamısı seçki hüququna malikdirlər.

Mənşəyinə, siyasi baxışlarma, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlannm seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Göstərilən xüsusatlarla bağlı şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər.

Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə Seçki Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər.

Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.

Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir:

1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı;

2. şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan;

3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;

    4. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir;

5. əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir;

6. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir;

7. şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər;

8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı;

9. şikayətçinin tələbi;

10. aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir.

11. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.

Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Mәhkәmә qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.

Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, Seçki Məcəlləsinin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla).

Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.

Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

Seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin şikayət Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilir.

 Azərbaycan Respublikası Cinayət məcəlləsinin 159-cu maddəsinə görə vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olmağa görə -

min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olmağa görə -

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə mane olmağa görə isə -

iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prezident seçkiləri ilə bağlı seçki prosesi zamanı hüquqpozmalara yol verildiyi halda qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək və seçki komissiyalarının işinə mane olanlar və müdaxilə edənlər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək.

Ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur. Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarma seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Seçki hüququ sahəsində yaranan münasibətlər Seçki Məcəlləsi ilə tənzimlənir.

Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir.

Naxçıvan Muxtar Respublikası Prokurorunun

Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri

Səttar Əsgərov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: