İdman edərkən yol verilən səhvlər insan orqanizmi üçün sonradan bir sıra fəsadlar törədir ki, bu da zaman keçdikcə orqanizmdə müəyyən problemlər yaradır. Məhz buna görə, idman ilin hər fəslinə uyğun şəkildə edilməlidir. Məsələn, yay və yaz aylarında daha çox açıq havada məşq etmək məsləhət görülür. Həkimlərin araşdırması göstərir ki, ilin hər fəslində idman həyatımızın bir hissəsi olmalıdır. Qidalanmanı tənzimləmək, idmanı həyat tərzi halına gətirmək daha yaxşı və uzun ömür üçün sadə, ancaq effektli bir yoldur. Bu zaman ortaya maraqlı sual çıxır – soyuq havada qadın və kişilərə hansı yaşda, hansı idman növü ilə məşğul olmaq məsləhət görülür? İdman mütəxəssisləri məsləhət görürlər ki, qadınlar 20-30 yaş aralığında daha çox fitneslə məşğul olmalıdırlar. Çünki 20 yaşdan sonra maddələr mübadiləsi yavaşlamağa başlayır. Buna görə də 30 yaşına kimi həftədə 4 gün 1 saat məşq etmək məsləhətdir. 40 yaşında isə günlərin sayını azaltmaq və daha çox ağırlıq məşqi etmək lazımdır – həftədə 3 gün. Bu yaşda idmana yeni başlayanlar isə həkimlə məsləhətləşməlidirlər. 50 yaş üçün ən ideal məşq həftədə iki dəfə ağırlıq məşqidir. Bu yaşdan sonra idmanı buraxmaq sağlamlığa bilavasitə təsir göstərir. Ona görə də qısa qaçışlar, üzgüçülük və ya velosiped sürmək bu yaşa tam uyğundur.
Kişilərdə isə bu bir qədər fərqlidir. 20 və 29 yaş arasında kişilər fiziki baxımdan güclü, enerjili olur və idmana bir qədər dırnaqarası yanaşırlar. Bu, yanlış düşüncədir. Çünki 30 yaşda bəzi hormonlar azalmağa başlayır və bu da insana həm fiziki, həm də psixoloji təsir edir. Həkimlər bu yaşda daha çox fiziki güc tələb edən məşqlər etməyi məsləhət görürlər. Müəyyən dövrdən sonra məşqlərin sürətini artırmaq lazımdır ki, orqanizm müqavimətdən düşməsin. 50 yaşında soyuq havada edilən idman yağsız bədən kütləsini qorumağa kömək edən hormonları oyandırır. Əgər bu yaşda idmanla məşğul olunmazsa, maddələr mübadiləsi yavaşlayar və sümüklərdə “yorğunluq” meydana gələr. Bu yaşdan sonra formada qalmaq, ürək çatışmazlığı və şəkər kimi xəstəliklərdən qorunmaq üçün yüngül idman növlərindən istifadə etmək lazımdır. Məsələn, yüngül qaçış, velosiped sürmək, dağ yürüşü etmək və sair. Qış fəslində açıq havada idmanla məşğul olmaq orqanizmin daha sağlam inkişaf etməsinə zəmin yaradır. Lakin bu zaman məşq edərkən bəzi məqamları bilmək vacibdir. Bunlardan biri məşqə başlamazdan əvvəl isinmə hərəkətləridir. Soyuq qış aylarında isinmə, gərilmə hərəkətləri əzələləri dartınmaqdan, əzilmələrdən qoruyur. Peşəkar idmançılar isinmə hərəkətlərini 35-45, qeyri-peşəkar idmançılar isə 20-22 dəqiqə etməlidirlər. Qış aylarında idmanla məşğul olarkən daha çox geyimə fikir vermək lazımdır: tərkibi yun və ya pambıq geyimlər bu fəsil üçün məqsədəuyğun deyil. Çünki bu geyimlər tərlə birgə isinir və bədəni nəmli saxlayır. Soyuq havada məşq etdikdən sonra protein kokteyllərindən istifadə faydalıdır. Həmin kokteyllər əzələ kütləsini artırmağa kömək etməklə yanaşı, orqanizmə heç bir mənfi təsir göstərmir. İsti günlərdən fərqli olaraq soyuq havada səhər yeməyindən 2 saat, nahardan isə 4 saat keçməmiş idman etmək məsləhət görülmür. Bu zaman sağlamlıq üçün bəzi sadə qaydaları tətbiq etmək lazımdır. Bəzi idman mütəxəssisləri qeyd edirlər ki, qış aylarında məşq zamanı çoxlu maye qəbul etmək sağlamlığa daha təsirlidir. Gün ərzində bir dəfə məşq edənlər 1,5 litr maye qəbul etməlidirlər. Soyuq havada idman edərkən bədən daha çox isinməyə ehtiyac duyar və əzələlərdə titrəmə baş verər. İdmandan yarım saat əvvəl karbohidratlarla zəngin yeməklərlə qidalanmaq lazımdır. İdmançıların ən böyük problemi müəyyən qidaların onların çəkilərini artırmasıdır. Odur ki, qış aylarında pəhrizə riayət etmək üçün proteinlə zəngin qidalar və 2 ovuc kişmiş yemək məsləhət görülür. Məşqdən dərhal sonra içilən proteinli kokteyl bədənin gücünü bərpa edir və zülalların əzələlərdəki sintez prosesini sürətləndirir. İdman mütəxəssisləri məsləhət görürlər ki, effektli məşqlərdən sonra havanın temperaturuna uyğun olaraq qidalanmaq lazımdır. İstəyə görə yumurta, təzə meyvə suyu, mövsümi meyvələr, tərəvəzlər, balıq əti, kartof yemək itirilmiş enerjini yenidən bərpa edir və onu əzələ kütləsinə çevirir.
Ceyhun Məmmədov
"Şərqqapısı" qəzeti