Qar çiçəkləri

A- A A+

NUHÇIXAN Naxçıvan Dövlət radiosunun əməkdaşı Təranə Əliyevanın şeirlərini təqdim edir:

Asılıb ağacın boz budağından,

Yazdan bir pay alıb qar çiçəkləri.

Edir hər bir kəsə naz budağından,

Tökülür üstümə qar çiçəkləri.

 

Yarandı göydənmi, yoxsa ki yerdən,

Sübh vaxtı dolanan qırovdan, şehdən,

Mənim bilmədiyim sehrdən,sirdən,

Dolaşdı hər yanı qar çiçəkləri.

 

Səpildi könlümə zərifliyilə ,

Soyuq titrəyişi, xəfifliyilə,

Ağappaq , tərtəmiz sevgi səsilə,

Məftun etdi məni qar çiçəkləri.

 

Mən qara batmışam ağappaq , təmiz,

Qardan yaranıbdır soyuq, ağ dəniz,

Tökülür göylərdən ulduz - aybəniz.

Yağır, yenə yağır qar çiçəkləri.

 

Əvvəl qışa dönən qar yağışıdı,

Bütün təbiətə var baxışıdı,

Barsız ağaclara bar axışıdı

Bizim sevdiyimiz qar çiçəkləri.

 

TƏNHALIQ

Bezmişdim eyni yolu

hər gün getməkdən.

Eyni sözləri dönə-dönə eşitməkdən.

Usanmışdım eyni gözləri,

laqeyd üzləri

hər gün görməkdən.

Dəyişik bir şeylər

olsun istədim.

Hər şeydən, hər kəsdən

istədim ki,bir anlıq uzaqlaşım,

bir az dincəlsin başım.

 

Yolumu göylərdən saldım.

ağlı-qaralı bulud topalarından

yağış aldım.

Torpağa can verdim,

Dağlar,dərələr aşdım,

Quşlarla,yarpaqlarla pıçıldaşdım.

Axan suyu dinlədim,

uçan quşun arxasınca baxdım.

Günəş şəfəqi oldum,

çiçəklərin, otların qəlbinə axdım.

Dağ yoluna çıxdım,

Ayaqlarım dizəcən

qıpqırmızı laləliyə batdı.

Qayalıqda bir qartal gördüm,

zəhmli baxışıyla mənə baxdı.

 

Endim dəniz sahilinə,

dənə-dənə qumları əlimə tökdüm,

Yosun qoxulu dəniz havasını

 ciyərlərimə çəkdim.

Qağayılar baş vurdu dalğalara.

Uzaqlarda bir gəmi göründü,

Gəldi, məni apardı kimsəsiz adalara.

Hər kəsdən, hər şeydən

istədim ki, bir anlıq uzaqlaşım,

bir az dincəlsin başım.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: