2023-cü ildə Türkiyəyə gələn xarici turist axını 10 faiz artıb. Rusiya turistlərin sayına görə lider olub.
NUHÇIXAN Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.
Nazirin sözlərinə görə, 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist gəlib. Rusiya 6,3 milyon turistlə birinci yeri tutur. Siyahıda ikinci yerdə 6,2 milyon turistlə Almaniya qərarlaşır. Böyük Britaniya isə 3,8 milyon turistlə ilk üçlüyü tamamlayır. İlk beşliyə, həmçinin Bolqarıstan və İran daxil olub.
Ötən il Türkiyənin turizmdən əldə etdiyi gəlir 2022-ci illə müqayisədə 16,9 faiz artaraq 54,3 milyard dollara çatıb.
Mehmet Nuri Ersoy Türkiyənin 2024-cü ildə rekord sayda - 60 milyon turist qəbul etməyi planlaşdırdığını vurğulayıb. “Şimali Amerika, Kanada, Çin, Hindistan və Avstraliyadan, eləcə də Şimali Avropadan turist axınını artırmaq planımız var”, - deyə nazir bildirib.
Türkiyənin hakimiyyət orqanları 2024-cü ildə İsveçdən turist axınını 23 faiz, Finlandiyadan 15 faiz, ABŞ-dən 31 faiz, Kanadadan isə 41 faiz artırmağı hədəfləyir. Eyni zamanda Çindən gələn turistlərin sayının 102 faiz artacağı gözlənilir.