Almaniyanın əksər hava limanlarında təhlükəsizlik işçilərinin tətili səbəbindən yüzlərlə aviareys ləğv edilib.
NUHÇIXAN Associated Press agentliyinə istinadla xəbər verir ki, etirazçılar bütün işçilərin əmək haqlarının artırılmasını və əlavə iş saatları üçün ödənişlərin tətbiqini tələb edir.
“Ver.di” həmkarlar ittifaqı hələ yanvarın 30-da tətil keçirəcəklərini elan edib. Onlar Frankfurt, Berlin, Düsseldorf və Hamburq da daxil olmaqla 11 hava limanının işçilərini tətildə iştirak etməyə çağırıb.
Hava limanlarının operatoru olan ADV kompaniyası təhlükəsizlik işçilərinin tətili səbəbindən təxminən 1,1 min uçuşun ləğv ediləcəyini və ya təxirə salınacağını proqnozlaşdırır.
Bayern və Münhen hava limanlarının təhlükəsizlik işçiləri tətillərdə iştirak etmir.
“Ver.di” həmkarlar ittifaqı, həmçinin ictimai nəqliyyat sektorunda çalışan üzvlərini də tətilə qoşulmağa səsləyib.