Qırğızıstan və Tacikistan nümayəndələri arasında keçirilən növbəti görüşdə dövlət sərhədinin daha 3,7 kilometrlik hissəsinin müəyyənləşməsinə dair razılıq əldə olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü il yanvarın 30-dan fevralın 5-dək Qırğızıstanın Batken şəhərində hər iki ölkənin nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik və hüquqi məsələlər üzrə işçi qruplarının növbəti iclası baş tutub. Tərəflər Qırğızıstan və Tacikistan dövlət sərhədinin 3,71 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyası üzrə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.
Tərəflər Tacikistan ərazisində keçiriləcək növbəti görüşdə sərhədin qalan hissələri üzərində işləri davam etdirəcəklər.
Hazırda Qırğızıstanın Tacikistan istisna olmaqla, bütün qonşu ölkələrlə - Çin, Qazaxıstan və Özbəkistanla dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi başa çatıb.
Qırğızıstan və Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 970 kilometrdir və indiyə qədər yüzlərlə kilometrlik hissə qeyri-müəyyən olaraq qalır. İki ölkə arasında sərhədlərin delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından bəri davam edir. Vaxtilə sərhəd mübahisələri yerlərdə qarşıdurmalara, hətta silahlı toqquşmalara gətirib çıxarıb. Bu münaqişələr hər iki tərəfdən yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.