İsrail ordusu HƏMAS-la müharibədə 7 oktyabrdan indiyə qədər ümumilikdə 571 hərbçi itirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces - İDF) mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, ötən gün ərzində anklavın Xan Yunis şəhərində gedən döyüşlərdə daha bir İsrail hərbçisi həlak olub, 8 hərbçi yaralanıb.
Bununla da İsrail ordusunun Qəzza zolağında yerüstü hərbi əməliyyatlara başlayandan indiyədək həlak olan hərbçilərinin sayı 233 nəfərə çatıb.
Xatırladaq ki, ötən ilin 7 oktyabrında HƏMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib.
İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HƏMAS həmin hücumda 240-dan çox israillini girov götürüb.
İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.
24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.