Ermənistan ordusunda xaos hökm sürür

A- A A+

Üzləşdiyi dərin iqtisadi böhran Ermənistanda hərbi sahəyə ciddi təsir göstərib. NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, büdcədə vəsait çatışmazlığı səbəbindən müddətdən artıq xidmət edən hərbi qulluqçuların əmək haqları 40 faiz azaldılıb. İşğalçı ölkə ordusunda hökm sürən xaos səbəbindən isə  fərarilik hallarının sayı artıb.

Ermənistanda müddətdən artıq hərbi qulluqçuların əmək haqları 40 faiz azaldılıb. Abovyan şəhərinin dərman bazasında xidmət keçən hərbçilər maaşlarının kəsilməsi ilə yanaşı, Müdafiə Nazirliyinin qərarına əsasən artıq mülki işçi  hesab olunduqlarını bildirirlər. Qeyd edilir ki, son aylarda ixtisarlar olacağı barədə şayiələr vardı, lakin bu xəbər ştat dəyişikliklərilə təsdiqlənib. Hərbçilər Müdafiə Nazirliyinə çağırılaraq  mülki işçi kimi qalmaları üçün raport yazıb. Onlar 3 illik müqavilə imzalayıblar. Müqavilənin şərtlərini pozanları ağır cəza gözləyir.  Bununla  müddətdən artıq hərbi qulluqçular 3 il müddətdində cüzi əmək haqqı ilə çalışmağa məcbur ediliblər.

İşğalçı ölkə ordusunda hökm sürən xaos səbəbindən isə  fərarilik hallarının sayı artıb. Bu da hərbi hissələrdə əsgər çatışmazlığına səbəb olub. Ermənistan ordusu indi yararsız gənclərin ümidinə qalıb. Ermənistanın Armavir vilayətinin Cararat kəndinin sakini, psixi pozğunluqlarının olmasına baxmayaraq, orduya çağırılan və Azərbaycanın işğal altındakı ərazilərinə xidmətə göndərilən yezidi kürdü Yurik Broyan batalyon komandiri tərəfindən xüsusi amansızlıqla döyülüb. Əsgərin anası  iddia edir ki, oğlu anadangəlmə ruhi xəstədir, belə xəstəlik onlarda nəsillikcə var. Yurik heç düz-əməlli məktəbə də getməyib. Oxuya və yaza bilmir. Halı isə tez-tez pisləşir. Buna baxmayaraq, 2018-ci ilin avqustunda Yuriki Mərkəzi hərbi-tibb komissiyası hərbi xidmətə yararlı hesab edib.   Avqustun 11-də Yuriki komissiyaya aparıblar və elə oradan da birbaşa Qarabağa, Ağdərədəki hərbi hissələrdən birinə göndəriblər. Anası oğlunun hara aparıldığını uzun müddət öyrənə bilməyib. Xəstə oğlunun nədən hərbi xidmətə aparıldığını soruşanda ona deyiblər ki, orduya əsgər lazımdır. Xidmətin 10 günü keçəndən sonra Ağdərədəki hərbi hissənin batalyon komandiri Yuriki qəddarcasına döyüb və o, Xankəndindəki psixiatrik klinikaya yerləşdirilib.  Əsgər hazırda dəhşətli vəziyyətdədir, normal yeriyə bilmir və güclə danışır. Qollarında ciddi xəsarətlər var. Həkimlər isə onun müalicəsi ilə demək olar məşğul olmur. Üstəlik hospitalda qalan digər əsgərlərlə də pis davranırlar. Marine Broyan oğlunun hərbi xidmətdən azad olunması üçün məhkəmə iddiası qaldırıb. Onun hüquqlarını Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi müdafiə edir. Qadın baş nazir Nikol Paşinyana, müdafiə nazirinə, digər instansiyalara şikayətlər yazır, amma cavab almır. Məhkəmə isə uzanır. Yurikin ailəsi olduqca ağır vəziyyətdədir, evləri yoxdur. Qohumlarından birinin evinə sığınıb, yarıac yaşayırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: