Monqolustanda kəskin soyuqlar və həddən artıq qar yağması 1,5 milyondan çox mal-qaranın tələf olması ilə nəticələnib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Monqolustan Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Məlumata görə, torpağın donması və otlaqların qarla örtülməsi səbəbindən mal-qara qida çatışmazlığı ilə üzləşib.
BMT-nin hesabatında yem çatışmazlığı və qiymətlərinin bahalaşması səbəbindən vəziyyətin daha da ağırlaşdığı vurğulanır.
Soyuqlar yerli əhali üçün də ciddi fəsadlar törədib. Güclü qar səbəbindən yolların bağlanması əhalinin sağlamlıq xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb.
Qeyd edək ki, dünyanın son köçəri ölkələrindən biri olan Monqolustan tez-tez güclü küləklər, qar və toz fırtınaları ilə müşayiət edilən sərt kontinental iqlimə malikdir. Ölkədə təxminən 64 milyon mal-qaranın olduğu təxmin edilir.