ASELSAN rəhbəri: Türkiyənin vahid hava hücumundan müdafiə qalxanının yaradılması 2024-cü ildə başa çatacaq
Türkiyə Hava Hücumundan Müdafiə komplekslərinin, eləcə də pilotsuz hərbi təyinatlı sistemlərin işlənib hazırlanmasında ciddi uğurlara nail olub. NUHÇIXAN xəbər verir ki, bu barədə ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol fevralın 27-də Antalyada keçirilən “Müdafiə və aviasiya komplekslərində qlobal strategiyalar" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, yerli qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin işlənib hazırlanmasının uğurlu nümunəsi artıq Türkiyə Silahlı Qüvvələrinin istismarına verilmiş “KORKUT” qurğularıdır. “Bu komplekslərlə xaricdə də fəal şəkildə maraqlanırlar. “KORKUT” üçün sursat da daxil olmaqla, hər şey Türkiyədə istehsal olunur” - deyə, A.Akyol qeyd edib.
ASELSAN rəhbəri 2024-cü ildə Türk mütəxəssislərinin döyüş növbətçiliyinə başlayacaq “Siper” uzun mənzilli Zenit-Raket Kompleksinin istehsalına diqqət çəkib.
ASELSAN rəhbəri “GÜRZ” hibrid hava hücumundan müdafiə sistemindən də bəhs edib. A.Akyol qeyd edib ki, təkcə 2023-cü ildə ASELSAN mütəxəssisləri tərəfindən ümumilikdə 20-yə qədər yeni silah növü hazırlanıb.
“Ötən il Türkiyədə “MARLİN” pilotsuz dəniz qayığı istismara qəbul edilib. Xarici tərəfdaşların TUNGA və ERTUNGA adlı yerüstü insansız sistemlərə də marağı yüksəkdir. Prioritetlərimizdən biri sualtı pilotsuz sistemlərdir", - deyə şirkətin baş direktoru vurğulayıb.
“DERİNGÖZ” adlanan pilotsuz sualtı nəqliyyat vasitəsinin prototipi hazırda dövlət qurumlarından birinin xətti ilə sınaqdan keçirilir.
“Türkiyənin müasir müdafiə kompleksi təkcə ASELSAN, TÜBİTAK və ROKETSAN kimi iri müdafiə şirkətləri və elmi mərkəzlərdən ibarət deyil, o, həm də minlərlə orta və kiçik şirkəti əhatə edir. Bizim gücümüz bundadır. Dövlətin dəstəyi sayəsində 2024-cü ili Türkiyənin vahid hava hücumundan müdafiə qalxanının yaradılması ilə başa vuracağıq. Yuxarıda qeyd edilənlərin hamısı əminliklə deməyə imkan verir ki, hava hücumundan müdafiə sistemlərinin istehsalı və təkmilləşdirilməsi sahəsində bu il xüsusilə əhəmiyyətli olacaq”, - deyə ASELSAN rəhbəri bildirib.