Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan bildirib ki, bu ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra nümayiş etdirdiyi nikbinliyin heç bir ciddi əsası yoxdur. Əslində, bu danışıqlardan sonra iki ölkə arasında ziddiyyətlər daha da artıb.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, A.Sarkisyan jurnalistlərə müsahibəsində Moskva görüşündə konkret nəticələr əldə olunmadığını və bununla bağlı ətraflı məlumat verilmədiyini deyib. Onun sözlərinə görə, iki əsas məsələ - Dağlıq Qarabağ münaqişəsi və Rusiyadan idxal edilən təbii qazın qiymətləri ilə əlaqədar müsbət nəticələr əldə olunmayıb. “Qazın qiymətləri erməni xalqı üçün çox vacib məsələdir. Bizim üçün aydın deyil ki, bu məsələnin həlli niyə bu qədər yubadılır. Moskva danışıqları haqqında rəsmi məlumatdan belə görünür ki, orada yalnız rəsmi protokol görüşü olub. Kadr arxasında baş verənləri isə təsəvvür etmək çətin deyil”, -deyə erməni siyasətçi “Sputnik Armenia” agentliyinə müsahibəsində bildirib.
Məlum olduğu kimi, Vladimir Putinlə görüşdən sonra dekabrın 27-də Paşinyan “Facebook” səhifəsində təbii qazın qiymətləri ilə bağlı məsələnin həllini tapmadığını bildirmişdi. Rusiya Prezidentinin mətbuat katibi D.Peskov da öz bəyanatında bunu təsdiq edib. Görünən odur ki, “Qazprom” Ermənistana satdığı mavi yanacağın qiymətini min kubmetr üçün150 dollardan aşağı salmaq istəmir.
A.Sarkisyan bu problemlə bağlı əlavə edib ki, bəzi məlumatlara görə, 2019-cu ildə Rusiya təbii qazının qiyməti 215 dollara da qalxa bilər. Onun sözlərinə görə, Paşinyanın rəhbərliyi ilə aparılan danışıqların təfsilatının açıqlanması ermənilər üçün çox vacibdir. Siyasətçi əlavə edib ki, onun bədbin proqnozlarının əsas səbəbi Rusiya və Ermənistan liderləri arasında qarşılıqlı etimadın olmamasıdır. O, V.Putinin Ermənistanın sabiq prezidenti Robert Koçaryana ünvanlandığı Yeni il təbrikini də misal gətirərək bildirib ki, Ermənistan məhkəməsinin keçmiş dövlət başçısının həbsi ilə bağlı qətnaməsinə baxmayaraq, Rusiya rəhbərliyi ona münasibətini dəyişməyib.