Prezident Ərdoğan: Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik
Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun martın 1-də rəsmi açılış mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan tədbirin dünyada baş verən böhranların diplomatik yollarla həlli baxımından vacibliyini vurğulayıb.
İştirakçıları salamlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il keçirilməsi Nəzərdə tutulan forumun təxirə salınmasının əsas səbəbinin fevralın 6-da baş vermiş zəlzələnin olduğunu xatırladıb.
On bir vilayətə və 14 milyon vətəndaşa təsir edən, 53 mindən çox insanın ölümünə səbəb olan bu zəlzələnin fəsadlarının aradan qaldırıldığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan bu çətin günlərdə Türkiyənin yanında olan dost və qardaş ölkələrə təşəkkürünü bildirib.
Vurğulanıb ki, turizm mərkəzi olan Antalya bu forumla qlobal diplomatiyanın ürəyinin döyündüyü mərkəzlərdən birinə çevrilir. Bu il iştirakçıların sayı bunun əyani təzahürüdür.
Builki forumun əsas mövzusu barədə danışan Prezident Ərdoğan qlobal siyasətin mövcud vəziyyətinin mövzunun nə dərəcədə düzgün seçildiyini göstərdiyini, bəşəriyyətin ağrılı və böhran dövründən keçdiyini deyib.
Qeyd edilib ki, dünyada baş verən hadisələr yalnız siyasətdə deyil, istehsal, idarəetmə, ticarət, texnologiya kimi bir çox sahələrdə də özünü göstərir. Əmin-amanlıq, sülh və azadlıq əsri olacağına ümid etdiyimiz XXI əsr gözlənilənlərin əksinə, tədricən böhranlar dövrünə çevrilir. Türkiyə isə böhranlardan ən çox təsirə məruz qalan ölkələrdən biridir. Bəşəriyyətin gündəmində olan münaqişələrin, gərginliklərin, müharibələrin və risklərin böyük əksəriyyəti Türkiyənin yaxın coğrafiyasında yaşanır.
Ərdoğan çıxışında bəşəriyyətin üzləşdiyi digər mühüm problemlərə də diqqət çəkərək, beynəlxalq sistemin minimal öhdəlikləri belə yerinə yetirə bilmədiyini vurğulayıb.
Bütün bu çətinliklərə baxmayaraq, ölkəsinin iri addımlarla irəlilədiyini deyən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə iqtisadiyyatı ildə orta hesabla 5,5 faiz artıb, milli gəlir 5 dəfə artıb. Ən strateji sahələrdən biri olan müdafiə sənayesində yerli və milli istehsalın payını 20 faizdən 80 faiz səviyyəsinə qaldırılıb.
Cənubi Qafqazda vəziyyətə toxunan Türkiyə Prezidenti deyib: “Türk Dövlətləri Təşkilatımız vasitəsilə Türk dünyasını birlikdə daha da gücləndirmək üçün işlərimizi davam etdiririk. Qarabağın 30 illik işğalı başa çatdıqdan sonra Ermənistanla başladığımız normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik”.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi, Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusunda keçirilən Antalya Diplomatiya Forumunda 20-dən çox dövlət və hökumət başçısı iştirak edir.