Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətində yerləşən “Göbəkli-Təpə” məbəd kompleksi 2019-cu ildə açılıb və o vaxtdan bəri bu məkanı bəri 2,5 milyon turist ziyarət edib.
NUHÇIXAN xəbər verir ki, “Göbəkli-Təpə” məbəd kompleksi dünyada bu qəbildən olan ən qədim tikililərdən biri hesab edilir. Bu kompleks 2018-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib, 2019-cu ilin martında isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə onun açılışı olub. Türkiyə lideri, həmçinin həmin ilin ölkədə “Göbəkli-Təpə İli” elan edilməsi barədə Sərəncam imzalayıb.
“Göbəkli-Təpə” kompleksinin rəhbəri, Şanlıurfa Muzeyinin direktoru Celal Uludağ 1995-ci ildən bu ərazidə qazıntıların davam etdiyini və bu abidənin qısa müddətdə bütün elm dünyasının diqqətini çəkdiyini, həmçinin Avrasiyada erkən neolit dövrü ilə əlaqədar təsəvvürləri dəyişdirdiyini xatırladıb. O qeyd edib ki, arxeoloqlar neolit dövrünə aid 40-60 ton ağırlığında “T” formalı sütunları, həmçinin yaşı təxminən 12 min il olduğu təxmin edilən 65 santimetrlik insan heykəlciklərini aşkar edə biliblər. Eyni zamanda, kompleksdə onlarla sütun var, onlar piktoqram və heyvan təsvirləri şəklində oymalarla bəzədilib, bu rəsmlər şir, öküz, ceyran, ilan və sairə canlılara aiddir.
C.Uludağın məlumatına görə, Şanlıurfa şəhərindən 18 kilometr məsafədə yerləşən meqalit kompleksini artıq Türkiyənin 2 milyon 551 min 553 sakini və qonağı ziyarət edib. O deyib: “Göbəkli- Təpə” kompleksi dünya arxeologiyasında xüsusi yer tutur. Kompleksi ziyarət edən insanlar daş sütunları və heyvan fiqurlarını görəndə heyrətlənirlər. Əminəm ki, bu abidəyə maraq daha da artacaq”.