Almaniyanın Haitidəki səfiri Peter Sauer baş verən silahlı dəstə zorakılığı səbəbindən ölkəni tərk edərək müvəqqəti olaraq qonşu Dominikan Respublikasına köçüb.
NUHÇIXAN Almaniyanın xəbər agentliyi DPA-ya istinadla bildirir ki, Haitidə artan kütləvi zorakılıq səbəbindən Almaniya səfiri və daimi nümayəndəsi Karib hövzəsi ölkəsini tərk edib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü DPA-ya deyib ki, diplomatlar çox gərgin təhlükəsizlik vəziyyəti səbəbindən Haitini tərk etməyə məcbur qalıblar və onlar hələlik Dominikan Respublikasından fəaliyyətlərini davam etdirəcəklər. Bildirilir ki, səfirlə birlikdə daha 11 nəfər Dominikan Respublikasına təxliyə edilib.
Qeyd edək ki, Haitinin paytaxtı Port-o-Prinsin mərkəzində və şəhərin beynəlxalq hava limanı ərazisində atışma fevralın 29-da Keniyada olan Baş nazir Ariel Henrinin yoxluğunda başlayıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.