Smartfonlar üçün yeni mobil əlavəsi Los-Anceles dairəsi sakinlərini zəlzələ barədə xəbərdar edəcək

A- A A+

Los-Anceles dairəsində “Apple” və “Android” istifadəçiləri üçün zəlzələ barədə xəbərdarlıq edən ilk mobil əlavəni yükləmək mümkündür. Məlumdur ki, Kaliforniya ştatı ABŞ-ın fəal seysmik regionudur və bu mobil əlavə yüzlərlə insanın həyatını xilas edə bilər.

NUHÇIXAN xəbər verir ki, Los-Anceles şəhərinin meri Erik Qarsettinin rəhbərliyi ilə yaradılan “ShakeAlertLA” adlı mobil əlavə ABŞ-ın Geoloji Xidməti tərəfindən işlənib hazırlanan zəlzələlər barədə bildiriş sisteminin fəaliyyəti üçün nəzərdə tutulub. İlkin xəbərdarlıq funksiyası hələ ki, Los-Anceles dairəsi üçün nəzərdə tutulub. “ShakeAlertLA” mobil əlavəsini yükləyəndən sonra istifadəçilər bildirişi və telefonun coğrafi mövqeyinin müəyyən edilməsini qoşmalıdırlar ki, Los-Anceles dairəsində 5 baldan yuxarı zəlzələ baş verdiyi zaman proqram məlumatı ötürə bilsin. Amerika KİV-ləri xəbər verirlər ki, zəlzələ baş verdiyi təqdirdə mobil əlavə istifadəçiləri təbii fəlakətə 20 saniyə qalmış təcili bildiriş alacaqlar. Sözügedən mobil əlavənin müəllifi, “Caltech” şirkətinin seysmoloqu Tom Xiton deyib: “Biz zəlzələnin baş verməsini qabaqcadan deyə bilmərik, lakin hamını xəbərdar edə bilərik ki, artıq zəlzələ başlayıb və sizə tərəf gəlməkdədir”.

Mobil əlavədə, həmçinin zəlzələyə necə hazırlaşmaq barədə məsləhətlər də yer alıb. “ShakeAlertLA” mobil əlavəsi yeraltı təkanları qeydə alan xüsusi vericilərin əsasında işləyir, məlumatları təhlil edərək onları sistemə göndərir. Bu sistem vasitəsilə episentrdən uzaq məsafədə olan yerlərdə güclü silkələnmələr baş verməzdən əvvəl istifadəçilərə xəbərdarlıq edilir.

Ştatın administrasiyası sistemi bütün Kaliforniya üzrə tətbiq etməyi planlaşdırır. Bildiriş sisteminin onlayn rejimdə işləməsi üçün Kaliforniyada zəlzələni müəyyənetmə üzrə 615 stansiya fəaliyyət göstərir. Ümumilikdə isə ABŞ-ın Qərb sahilboyunda onların sayı 865-ə bərabərdir. Ştatın hakimiyyət orqanları bəyan ediblər ki, mobil bildiriş sisteminin tətbiqi və məlumatların ötürülməsində ləngimələrin aradan qaldırılması üçün daha 810 stansiya yaradılmalıdır. 2018-ci ildə Kaliforniyada layihənin həyata keçməsinə 15 milyon dollar ayrılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: