Almaniyanın federal torpaqlarında 400-ə yaxın polis əməkdaşı sağçı ekstremizmdə şübhəli bilinir.
NUHÇIXAN Almaniyanın “Tagesschau” xəbər portalına istinadla xəbər verir ki, AFR hökumətinin Bundesdaqda polis işləri üzrə müvəkkili Uli Qretçə görə, vəziyyət demokratiya üçün böyük təhlükə yaradır. “Biz sağçı ekstremistlərin məqsədyönlü şəkildə polis orqanlarında sabitliyi pozmağa cəhd etdiyi vaxtda yaşayırıq. Bu təhlükə həmişə olduğundan daha böyükdür. Bütün ölkə üçün. Deməli, polis üçün də”, - deyə o xəbərdarlıq edib.
Medianın məlumatına görə, hazırda federal torpaqlarda sağçı baxışlarda və ya sui-qəsd ideologiyasının təşviqində şübhəli bilinən 400-ə yaxın polis əməkdaşına münasibətdə intizam icraatı və araşdırmalar aparılır. Bu barədə 16 federal torpağın Daxili İşlər Nazirliyinə verilən sorğuya istinadla “Stern” jurnalı və “RTL” telekanalında deyilir. Çox güman ki, faktiki rəqəm daha böyük olacaq, çünki dörd federal torpaq - Berlin, Meklenburq-Ön Pomeraniya, Bremen və Türingiya – son rəqəmləri təqdim edə bilməyib.
Şimali Reyn – Vestfaliya federal torpağının daxili işlər naziri Herbert Royl bildirib: “Konstitusiyaya əsaslanmayan, əvəzində ekstremist baxışlara malik olan polis əməkdaşları demokratiya və qanunun aliliyi üçün böyük təhlükədir”.
Artıq uzun illərdir federal və dövlət təhlükəsizliyi orqanlarının sıralarında potensial ekstremistlər ilə bağlı araşdırmalar aparılır. Federal Daxili İşlər Nazirliyi artıq bununla bağlı 2022-ci ildəki vəziyyət haqqında hesabat dərc edib. Həmin vaxt məlum olub ki, sağçı ekstremizm və ya “Reyx vətəndaşları” hərəkatı ilə açıq-aydın əlaqələrinə görə üç il ərzində 327 əməkdaş məsuliyyətə cəlb olunub.
Daha bir, o cümlədən polis əməkdaşlarının siyasi baxışları haqqında hesabat 2023-cü ildə - polisin ünvanına səslənən irqçiliklər bağlı ittihamlardan sonra dərc olunub.