Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməməsi hakimiyyətin növbəti avantürasıdır.
NUHÇIXAN “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Hayastan” fraksiyasının deputatı Armen Rustamyan bildirib.
“KTMT-dən narazı qalmaq olar, amma vektoru dəyişmək, Rusiya-Qərb qarşıdurmasının bura köçürülməsi Ermənistanın özü üçün də dağıdıcı nəticələrə gətirib çıxaracaq. Bu gün hakimiyyət orqanlarının etdikləri budur”, - o bildirib.
Onun sözlərinə görə, hakimiyyət təhlükəsizlik sisteminin şaxələndirilməsi haqqında nə qədər bəyanatlar yaysa da, bu, reallığa uyğun gəlmir: “Əks halda, İrəvanın MDB iclaslarında iştirakına və Ermənistanı maraqlandıran məsələləri qaldırmasına nə mane olur”.
Deputatın nöqteyi-nəzərindən Qərb Ermənistanın anti-Rusiya cəbhəsinə qoşulmasını tələb edir və hakimiyyət də bunu uğurla yerinə yetirir.
Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi Mirzoyanın aprelin 12-də Minskdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan MDB ölkələrinin İqtisadi Şurasının Moskvada keçiriləcək 101-ci iclasına da nümayəndə heyətini göndərməkdən imtina edib.