Finlandiya hakimiyyəti 1 milyon nəfəri (ölkənin yaşlı əhalisinin təxminən 25 faizi) süni intellekt və kompüter təlimi bacarıqlarına öyrətməyi planlaşdırır.
NUHÇIXAN “Hightech” resursuna istinadən bildirir ki, 2019-cu il ərzində Finlandiyada süni intellekt texnologiyalarının inkişafı strategiyası çərçivəsində 55 min nəfər və ya ölkə əhalisinin 1 faizi sistemlə işin əsaslarına yiyələnəcək.
Məlumata görə, 2018-ci ildə 6 min nəfər Helsinki Universitetində keçirilən biraylıq pulsuz “Elements of AI” kursu çərçivəsində süni intellektlə işləmək bacarığını mənimsəyib. Təlim çərçivəsində bütün arzu edənlər süni intellektin iş prinsipi ilə tanış ola və kompüter təliminin fəaliyyətini anlaya bilər. Proqramın təsvirində qeyd olunur ki, tələbələrdən kursu keçmək üçün əsas proqramlaşdırma biliklərinə malik olmaları tələb edilmir.
Bildirilir ki, indiyədək 250 Finlandiya şirkəti süni intellektlə işləmək bacarığına yiyələnmək üçün bütün əməkdaşları kurslarda iştiraka göndərəcəyini bəyan edib. Finlandiya hakimiyyəti nümayəndələrinin fikrincə, süni intellekt və kompüter təlimi prinsiplərinin geniş şəkildə öyrədilməsi ölkədə innovasiyaların inkişafını sürətləndirməyə imkan verəcək və əhaliyə diqqəti müasir texnologiyalara yönəltməyə kömək edəcək.
Fin və ya ingilis dilində tədris edilən “Elements of AI” kurslarında hamı iştirak edə bilər.