“Blue Origin” kompaniyası artıq bu ilin əvvəlində turistləri New Shephard gəmilərində suborbital uçuşa yollamağı nəzərdə tutur.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Amerika Aeronavtika və Astronavtika İnstitutunun San-Dieqoda (Kaliforniya ştatı) təşkil etdiyi konfransda çıxış edən kompaniyanın şöbə müdiri Arian Kornell deyib. SpaceNews həftəliyi onun bu sözlərini sitat gətirib: “Biz insanları uçuşa (suborbital) 2019-cu ilin əvvəlində göndərməyi planlaşdırırıq. Biz hələlik qiymətləri müəyyənləşdirməmişik. Bundan əlavə, biletlərin satışa nə vaxt cıxarılacağını da bilmirik. Lakin əmin etmək istəyirik ki, uçuş təkcə çox varlı insanlar üçün əlçatan olmayacaq”.
Kornell, həmçinin bildirib ki, New Shephard hələ əlavə sınaqlardan keçməlidir. Ötən ilin dekabrında gəminin buraxılışı “yerüstü infrastrukturla bağlı problem” səbəbindən təxirə salınmışdı. Ümumilikdə 2015-ci ildən 2018-ci ilədək bu gəmi doqquz test uçuşu keçirib.
“Blue Origin” kompaniyasının nümayəndəsi ötən ilin iyununda jurnalistlərə bildirmişdi ki, New Shephard gəmisində bir yerin turistlərə 200-300 min dollara satılması nəzərdə tutulur. Gəmi göyərtəsinə altı nəfər götürə biləcək.
Analitiklərin hesablamalarına əsasən, hər uçuş kompaniyaya 10 milyon dollara başa gələcək. Odur ki, “Blue Origin” ilk mərhələdə əlavə xərc çəkməli olacaq.