Bədənin iki bioloji saatını sinxronlaşdırmaqla qocalmanın qarşısını almaq mümkündür.
NUHÇIXAN “The İndependent” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı Kataloniya Tədqiqat və Qabaqcıl Tədqiqatlar İnstitutunun alimləri araşdırma aparıblar.
Araşdırmanın nəticələri yuxu rejimindən qida həzminə qədər bir çox funksiyaya təsir edən amilləri ortaya çıxarıb. Müəyyən olunub ki, iki saat işləmək əzələlərin gündəlik fəaliyyətini təmin etməklə yanaşı, oradakı toxumaların vaxtından əvvəl qocalmasının qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir. Tədqiqat əvvəlcə siçanlar üzərində aparılıb. Günün müəyyən intervalında (məsələn, 10.00-18.00 arası) yemək yeyilən vaxt məhdudiyyətli qidalanma yolu ilə sirkadiyalı ritmin tənzimlənməsinin əzələlərin zəifləməsini, metabolik və motor funksiyaların pisləşməsini azalda biləcəyi müşahidə edilib.
Həmçinin müəyyən edib ki, periferik saatlar mərkəzi saatın olmadığı şəraitdə 24 saatlıq dövrəni saxlamaqla sirkadiyalı funksiyaların təxminən 15 faizini idarə etmək üçün kifayət qədər avtonomdur. Araşdırmaya rəhbərlik edən Salvador Aznar Benitah nəticələri belə izah edir: “Beyin və periferik sirkadiyalı saatlar arasındakı sinxronizasiyanın dəri və əzələ sağlamlığında necə kritik rol oynadığını və periferik saatların ən əsas toxuma funksiyalarını yerinə yetirmək üçün təkbaşına necə avtonom şəkildə hərəkət etdiyini görmək heyranedicidir”. Digər tədqiqatçı Pura Munoz-Canoves bildirib: “Tədqiqatımız göstərir ki, əzələ və dəri kimi toxumaların optimal fəaliyyətini təmin etmək və qocalmanın qarşısını almaq üçün yalnız iki toxuma saatı (biri mərkəzi, digəri periferik) arasında minimal qarşılıqlı əlaqə tələb olunur. Növbəti addım terapevtik məqsədlər üçün istifadə edilə bilən tətbiqləri nəzərə alaraq, bu qarşılıqlı əlaqədə rol oynayan siqnal faktorların müəyyən olunmasıdır”.