Gürcüstanın paytaxtı Tbilisidə qanunverici orqanın yaxınlığında keçirilən aksiya toplantı və nümayiş qanunu ilə müəyyən edilmiş normaları aşaraq zorakılığa çevrilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumata görə, qanunverici orqanın yaxınlığında keçirilən aksiya zorakılıq xarakteri alıb: "Mitinq iştirakçıları parlament binasının yaxınlığında yerləşən qoruyucu bəndi zədələyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının çoxsaylı müraciətlərinə baxmayaraq, aksiya iştirakçıları polisin qanuni tələblərinə tabe olmurlar. İctimai asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə olunub".
"Daxili İşlər Nazirliyi bir daha bütün mitinq iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa, vəziyyətin süni şəkildə gərginləşməsinə yol verməməyə çağırır, əks halda hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edəcəklər”, - məlumatda deyilir.
Hazırda həm xüsusi təyinatlılar, həm də Daxili İşlər Nazirliyinin digər bölmələri Rustaveli prospektinin bütün perimetrində, yəni Çiçinadze, Çitadze küçələrində yerləşdirilib.