Qazaxıstanda 21 min yetim uşaqdan 17,6 mini ailələr tərəfindən övladlığa götürülüb.
NUHÇIXAN Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Təhsil Nazirliyinin Uşaq hüquqlarının müdafiəsi komitəsi məlumat yayıb. Komitənin sədri Nasimjan Ospanovanın sözlərinə görə, ölkədə hər il minə qədər kimsəsiz uşaq öz yeni ailələrini tapır.
“Bizim vəzifələrimizdən biri uşaqların ailədə yaşamaq hüququdur. 21 min kimsəsiz uşağın 17,6 mini artıq bizim qazaxıstanlı ailələrdə böyüyür. Hər il Qazaxıstan vətəndaşları minə yaxın yetim uşağı öz ailələrinə qəbul edirlər”, - deyə o bildirib.
Komitə sədri deyib ki, Qazaxıstanda yetim uşaqlar üçün himayəçilik institutu tətbiq olunub. Artıq bu sahədə 300-dək insan fəaliyyət göstərir.