Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq, qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə istənilən qanunsuz davranışı zərərsizləşdirəcək.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə MTX-nin "Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarına və iştirakçılarına xəbərdarlığında vurğulanıb.
Bildirilib ki, Milli Təhlükəsizlik Xidməti 2024-cü il aprelin 4-də başlayan "Vətən uğrunda Tavuş" hərəkatının iştirakçı və tərəfdarlarını konstitusiya quruluşunun qorunması çərçivəsində qanunun aliliyinə hörmət etməyə və qanuna müdaxilə etməməyə çağırıb.
Xatırladaq ki, keşiş Baqrat Qalstanyanın başçılığı altında davam edən hərəkat baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Keşiş Ermənistan vətəndaşlarını itaətsizliyə çağırır.