ABŞ MKİ-nin direktoru Qahirədə İsrail-HƏMAS danışıqlarında iştirak edib

A- A A+

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Qahirədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə görüşündə beynəlxalq ictimaiyyəti Qəzzada müharibənin dayandırılmasına töhfə verməyə çağırıb.

NUHÇIXAN “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Börns və Ağ evin Yaxın Şərq və Şimali Afrika üzrə nümayəndəsi Qəzzada atəşkəsə nail olmaq üçün Misir və İsrail rəsmiləri ilə danışıqların yeni raundunda iştirak etmək üçün bu həftənin əvvəlində Qahirəyə gəliblər.

Görüş zamanı Əs-Sisi Qəzzaya humanitar yardımın adekvat çatdırılmasının Fələstin xalqının humanitar əzablarını yüngülləşdirəcəyini deyib. Misir Prezidenti münaqişənin regiona yayılmasının qarşısını almaq üçün effektiv və ciddi addımlar atmağa çağırıb. O, həmçinin Fələstin məsələsinin ədalətli və hərtərəfli nizamlanması çərçivəsində “iki dövlət” prinsipi ilə həllin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Börns Misirin atəşkəsə nail olunması və Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etmək səylərini yüksək qiymətləndirib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, həmçinin Qahirənin regional və qlobal səviyyədə sülh, təhlükəsizlik və inkişafın bərqərar olması istiqamətində məsuliyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.

Börns Prezident Co Baydenin salamlarını Əs-Sisiyə çatdırıb və ABŞ-ın Misirlə strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini təsdiqləyib.

Bu həftə Qahirədə atəşkəs razılaşması ilə bağlı yüksəksəviyyəli Misir, ABŞ və İsrail rəsmilərinin iştirakı ilə danışıqların yeni raundu keçirilib. Növbəti raund isə Dohada olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: