Sosial sorğu: Fransızlar Olimpiya Oyunları zamanı mümkün təhlükədən narahatdırlar

A- A A+

Ölkədə hökm sürən narahatlıq və qeyri-müəyyənlik mühitində fransızlar “Paris-2024” Yay Olimpiya Oyunlarının təhlükəsizliyinin təmin edilməsindən çox narahatdırlar. Fiducial/Odoxa mərkəzinin “Fransızların təhlükəsizliyi” adlı sorğusunun nəticələrinə əsasən, əhalinin 68 faizi yarış zamanı turistik məkanlarda və ictimai nəqliyyatda təhlükədən qorxduqlarını bildiriblər.

NUHÇIXAN xəbər verir ki, Parisdə polis patrullarının sayının artmasına baxmayaraq, fransızların 65 faizi, xüsusən azarkeş zonaları və stadionlardakı təhlükəsizlikdən əmin olmadıqlarını deyiblər. Narahatlıqlar davamlı terror təhlükəsi ilə daha da güclənir. Respondentlərin 92 faizi cibgirlikdən, 88 faizi oğurluqdan və 60 faizi cinsi zorakılıqdan qorxur. 45 min polis və jandarmın iştirak etdiyi təhlükəsizlik sisteminə baxmayaraq, əvvəlcə yaxşı qarşılanan açılış mərasimi ilə bağlı tədbirlər əhalinin yalnız 49 faizini razı salıb.

İddia olunur ki, potensial təhlükə ilə üzləşdikdə Sena çayında nəzərdə tutulan parada alternativ ssenari, məsələn, “Trosadero” meydanı ilə “Steyd de Frans” stadionu arasında məhdudlaşan yürüş nəzərdən keçirilə bilər. Fransızların 70 faizi bunu qəbul edir. Əksəriyyət təhlükəsizlik problemlərinin Paris və Fransanın beynəlxalq aləmdə imicinə xələl gətirəcəyindən qorxur.

Fransızlar hər bir ölkənin öz nümayəndə heyətinin təhlükəsizliyini təmin etməsinin tərəfdarıdır. Onlar hətta xarici təhlükəsizlik nümayəndələrinin müdaxiləsini təsdiqləyirlər. Kifayət qədər ixtisaslı agentlərin işə götürülməsinə dair şübhələrin olmasına baxmayaraq, özəl təhlükəsizliklə bağlı daha müsbət rəy bildirilib. Respondentlərin 78 faizi hesab edir ki, boşluqları doldurmaq üçün ordu və ya ehtiyatda olan hərbçiləri çağırmaq lazım gələcək.

Ümumilikdə, fransızların 64 faizi ölkədə təhlükəsizliyi zəif hesab edir və demək olar ki, yarısı Olimpiya Oyunları zamanı yay festivalları kimi digər tədbirlərin də hədəf alınacağından qorxur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: