Dağbəyi İsmayılov: Vətən müharibəsi dövründə Azərbaycan mətbuatı üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirdi
Vətən müharibəsi dövründə də Azərbaycan mətbuatı üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirdi. Bütün müharibə həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı, bu işdə böyük uğurlar əldə etdi.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov iyulun 19-da Bakıda keçirilən “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbirdə çıxışı zamanı deyib.
D.İsmayılov qeyd edib ki, 149 il bundan əvvəl Azərbaycan dilində “Əkinçi” qəzeti işıq üzü görüb. “Əkinçi” qəzetini ərsəyə gətirən, onun həm redaktoru, həm də naşiri olan Həsən bəy Zərdabi böyük bir bünövrə qoyub. Sonrakı 149 ildə Azərbaycan mətbuatı çətinliklərə baxmayaraq, həmin bünövrə üzərində sürətli inkişaf yolu keçib və uğurlar qazanıb.
“Azərbaycan mediasının inkişafında Ulu Öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Ümummilli Lider hakimiyyətinin həm birinci, həm ikinci dövründə daim mediaya diqqət və qayğı göstərib. O, həqiqətən jurnalistlərlə dost olub, mətbuatın inkişafına öz töhfəsini verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qalib gəldi, Zəfər çaldı. Müharibə dövründə də Azərbaycan mətbuatı üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirdi, müharibə həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı, bu işdə böyük uğurlar əldə etdi. Azərbaycan mətbuatı bu gün də uğurlu tərəqqi yolundadır”, - deyə o əlavə edib.