Qanlı Yanvar faciəsi İtaliya mətbuatında geniş işıqlandırılıb - FOTOLAR
İtaliyanın nüfuzlu “Globalist” xəbər portalında bu ölkənin tədqiqatçı Daniel Pommier Vincellinin “Qara Yanvar: Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizənin simvolu” sərlövhəli məqaləsi yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə Qanlı Yanvar hadisələri, faciənin baş vermə səbəbləri və acı nəticələri haqqında məlumar verilir.
Məqalədə qeyd olunur: “Xalqlar beynəlxalq ssenaridə güc və rol baxımından özlərini, etnik mənsubiyyətlərini, mədəni cəhətlərini, həmçinin öz tarixlərinə münasibətdə kollektiv və fərdi xüsusiyyətlərini müəyyən edirlər. 1991-ci ildə öz milli müstəqillik yolunu seçməklə SSRİ-dən azad olan Cənubi Qafqaz ölkəsi Azərbaycan Respublikasının halında da məhz belə olub. Maddi, iqtisadi, geosiyasi problemlərlə (və uğurlarla) yanaşı, Azərbaycan davamlı olaraq milli kimliyin formalaşması məsələləri ilə məşğul olub. Xarici və daxili qeyri-stabillik və təhdidlərdən sarsılmış bir dövrdə Azərbaycan xalqı ictimai həmrəyliyin aləti olan milli kimliyini müəyyənləşdirdi. Bu, toplumun böyük tarixi təcrübəsi əsasında, xüsusilə, müstəqilliyə gətirib çıxaran həssas bir dövrdə baş verdi”.
Yazıda bu günlərdə Azərbaycan SSR dövründə, birmənalı şəkildə müstəqilliyi boğmaq və SSRİ-dən ayrılmaq mərhələsində olan sovet respublikaları arasında gərginliyin atəşini söndürmək üçün göndərilmiş 25 mindən çox sovet hərbi təhlükəsizlik qüvvələrinin Bakı şəhərini işğal etdiyi günün - Qara Yanvarın 29-cu ildönümü qeyd olunduğu bildirilir.
Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Azərbaycan ərazisi olan Dağlıq Qarabağın Ermənistan SSR-yə birləşdirilməsinə və bu məsələdə SSRİ rəhbərliyinin qərəzli və birtərəfli mövqeyinə qarşı çıxan dinc vətəndaşların nümayişlərini qanlı şəkildə boğduğu diqqətə çatdırılır. SSRİ rəhbərliyinin əmri ilə qoşunların Bakıya daxil olması çoxsaylı nəticələrə gətirib çıxardı. Belə ki, yalnız onun liderlərinin deyil, eyni zamanda siyasi, ictimai və identik sistem kimi SSRİ sisteminin bütünlüklə legitimliyini itirməsinə səbəb oldu.
Qeyd olunduğu kimi, hər bir xalqın milli kimliyinin formalaşmasına gətirib çıxaran mühüm hadisələr məhz toplumun, o cümlədən fərdi şəxslərin təcrübəsindən qaynaqlandığı bildirilir.
Məqalədə 1990-cı il hadisələrinin qurbanları - 30 iyun 1989-cu ildə evlənmiş 27 yaşlı İlham və onun həyat yoldaşı, 19 yaşlı Fərizənin faciəvi hekayəsi də xatırlanır.
Bundan başqa, İtaliyanın “Askanews”, “Agenzia Nova”, “Yahoo Notizie”, “Giornale Diplomatico”, “Agenparl” kimi kütləvi informasiya vasitələri də Qanlı Yanvar hadisələrinə diqqət ayıraraq, bu faciənin baş vermə səbəbləri və acı nəticələri, eləcə də 20 Yanvar şəhidlərinin xatirəsinin 29-cu ildönümü münasibətilə Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən təşkil olunmuş anım tədbiri barədə məlumatlar dərc edib.