Türkiyə Qətərə patrul gəmiləri və F-16 təyyarələri göndərəcək

A- A A+

Türkiyə Qətərə iki patrul gəmisi və altı F-16 təyyarəsi göndərəcək.

NUHÇIXAN bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir.

Nazirlikdən verilən məlumata görə, TCG KUMKALE və TCG KUŞADASI adlı hərbi gəmilər iyulun 26-da Muğla vilayətinin cənub-qərbindəki “Aksaz” dəniz bazasından yola düşəcək, hərbi təyyarələr isə iyulun 30-da Dohaya uçacaq.

Türkiyə Müdafiə Nazirliyi bildirib: “Təyyarələr və gəmilər təlim proqramlarında iştirak etmək və təlimlər keçirmək üçün Qətər-Türkiyə Birləşmiş Qüvvələr Komandanlığının tabeliyinə veriləcək”.

Müdafiə Nazirliyi terrorla mübarizə ilə bağlı son məlumatları da paylaşıb. Təkcə son bir həftə ərzində Türkiyə hərbçiləri bölgədə 94, ilin əvvəlindən isə ümumilikdə 1521 yaraqlını zərərsizləşdirib.

Nazirliyin məlumatına görə, bu il antiterror əməliyyatları çərçivəsində Suriyanın şimalında 795, Şimali İraqda isə daha 726 terrorçu zərərsizləşdirilib.

Suriyanın İdlib ərazisindəki M4 avtomobil yolunda Rusiya ilə birgə patrul xidmətinin bərpası ehtimalı ilə bağlı Türkiyə Müdafiə Nazirliyi bildirib: “Türkiyə ordusu bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün bütün mümkün addımları atır və atmağa davam edəcək. M4-də təhlükəsizliyin təmin edilməsi məsələsi müzakirə olunur. Türkiyə regionda sabitliyə töhfə verməyə yönəlmiş istənilən məsələdə məsuliyyəti öz üzərinə götürməyə hazırdır”.

Eyni zamanda, Ankara ABŞ-ın Suriyadakı hərəkətlərini yenidən tənqid edib və Vaşinqtonun terror təşkilatı PKK-nın Suriya qanadı - YPG ilə təmaslarının yolverilməzliyini vurğulayıb.

“Bəzi terrorçularla digər qanlı təşkilatların əli ilə döyüşmək qəbuledilməzdir. Biz Ankaranın regionda terror təhlükəsini aradan qaldırmaq səylərini dəstəkləməkdə ABŞ-ın səmimiyyətinə ümid edirik”, -deyə nazirlik vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: