Bu il Pekində keçiriləcək beynəlxalq bağçaçılıq sərgisi üçün biletlərin onlayn qaydada satışına başlanılıb.
NUHÇIXAN sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, aprelin 29-dan oktyabrın 7-dək keçiriləcək sərgini ziyarət etmək istəyənlər bilet almaq üçün 120 yuan (17,7 ABŞ dolları) ödəməlidirlər.
Qeyd edək ki, sərgidə müxtəlif ölkələr bağçılıq, gülçülük, meyvə və tərəvəz yetişdirilməsi sahələrində nailiyyətlərini nümayiş etdirəcəklər. Sərgidə xarici ölkələr və beynəlxalq qurumlar üçün nəzərdə tutulan hissə Avropa, Afrika, Asiya, Amerika və Okeaniya, habelə ayrıca beynəlxalq təşkilatlar bölmələrindən ibarət olacaq. Sərgi çərçivəsində hər bir ölkə öz tədbirlərini, o cümlədən milli günlərini, mədəni proqramlar, forumlar təşkil edə biləcək.
Proqnozlara görə, builki “Pekin 2019” Bağçılıq Sərgisini təxminən 16 milyon nəfər ziyarət edəcək. Sərgi günlərində 2500-dən çox mədəni tədbirin keçirilməsi nəzərdə tutulub. İndiyədək 86 ölkə, o cümlədən Azərbaycan və 24 beynəlxalq təşkilat sərgidə iştirakını təsdiqləyib.
Pekinin Yançin rayonunda sərgi sahəsinin inşaat işləri artıq başa çatıb. Sərginin keçiriləcəyi əsas 4 məkanda daxili və xarici tərtibat işləri, elektrik avadanlıqlarının quraşdırılması yekunlaşıb.