NUHÇIXAN xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük səfərə gedib. Bu barədə TASS agentliyinə danışıqların təşkilatçılarına yaxın mənbə məlumat verib.
Moskvada Rəcəb Tayyib Ərdoğanı Rusiya Prezidenti Vladimir Putin qəbul edəcək. Agentliyə məlumat verən mənbə deyib: “Yaxın saatlarda liderlərin görüşü start götürəcək”.
TASS-ın məlumatına görə, Rəcəb Tayyib Ərdoğanı Türkiyənin daxili işlər naziri, müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatının başçısı və bir sıra digər idarələrin rəhbərləri müşayiət edirlər.
Daha əvvəl Kremldən verilən məlumata görə, danışıqlar zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan əsasən İdlib əyalətindəki və Suriyanın şimalındakı vəziyyəti müzakirə edəcəklər.