Florensiyada 1375-ci ildə inşa edilən və şəhərin simvolu sayılan “Veççio” körpüsünə adlarını yazan iki alman turist 40 min avro məbləğində cərimələnib.
NUHÇIXAN xəbər verir ki, polis tarixi körpüyə qara flomasterlə adlarını yazarkən 21 və 23 yaşlı iki turisti yaxalayıb. Florensiya bələdiyyəsi mədəni irsin zədələnməsi və ya məhv edilməsi ilə mübarizə məqsədilə qəbul edilən yeni və sərt qanunlara əsasən, iki turistin maksimum dərəcədə - 40 min avro cərimələndiyini açıqlayıb.
Bələdiyyənin təhlükəsizlik üzrə məsul üzvü Andrea Giorgio şəhərin tarixi irsinə xələl gətirən turistlərə ilk dəfə belə cəza verildiyini qeyd edib. O, Florensiyaya gələn hər kəsin şəhərin abidələrinə və florensiyalılara hörmətlə yanaşmalı olduğunu vurğulayıb.
Xatırladaq ki, Florensiya bələdiyyəsi ötən ilin aprelində körpünün 2 milyon avro dəyərində yenidən bərpası layihəsinə başlayıb.